“Avropanın Moskvadan tamamilə üz döndərməsi ağlabatan deyil” - Politoloq

Böyük Britaniyada sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripal və qızı zəhərləndikdən sonra Rusiya ilə Qərb arasında başlayan gərginlik davam edir.

Metbuat.az-ın məlumatına görə, Böyük Britaniya hökuməti martın 4-də baş vermiş hadisənin hərbi dərəcəli Noviçok sinir qazı ilə törədildiyini, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirib. Daha sonra Britaniya 23 rus diplomatı ölkəsindən çıxarmaq haqqında qərar qəbul edib. Daha sonra bu cür addım atan dövlətlərin sayı artıb.

Rusiyanın Xarici İşlər Nazirliyi rus diplomatlarını ölkədən çıxaran dövlətlərin diplomatlarına etiraz notası təqdim edib və analoji addım atacağını bildirib. Ağ Ev ABŞ-ın diplomatlarının Rusiyadan çıxarılmasına heç bir əsas olmadığını bildirib. Bəyanatda deyilib ki, Moskvanın əməlləri gələcək münasibətlərə mənfi təsir göstərəcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, Rusiya ilə Qərb arasında cərəyan edən diplomat böhranı “soyuq müharibə”nin müasir dövrdə təzahürü kimi qiymətləndirmək olar: “Prosesləri izlədikcə məndə belə bir qənaət formalaşır ki, SSRİ dağılandan bu yana Rusiya ilə Qərb arasındakı siyasi gərginlik ən yüksək həddə çatıb. Skripalın ölümü isə Avropa ölkələrinin bir növ, oyanışına səbəb oldu. Çünki bu vaxta qədər Rusiyaya əsas təhdid və sanksiyalar Vaşinqtondan gələrdi. Avropa ölkələri isə ABŞ-ın Rusiyaya qarşı sanksiya çağırışlarını çox da isti qarşılamazdılar. Səbəb isə bir sıra Avropa ölkəsinin Rusiyadan iqtisadi asılılığı, yaxud da Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək istəyi idi. Lakin bu dəfə belə olmadı. Məndə olan məlumata görə, 20-yə yaxın Avropa dövləti rus diplomatları ölkədən çıxarıb. Rusiya tərəfi də bu tədbirlərin cavabsız qalmayacağına dair açıqlamalar verib.

Nəzərə almaq lazımdır ki, “Skripal işi” ilə bağlı istintaq hələlik yekunlaşmayıb. İstintaq davam edərkən hansısa dövləti bu cinayətin törədilməsində ittiham etmək isə doğru yanaşma deyil.

“Proseslər sonda nələrə gətirib çıxara bilər?” sualına isə birmənalı olaraq cavab vermək çətindir. Lakin istənilən halda Avropa ilə Rusiya arasındakı böhranlı vəziyyətin uzun müddət davam edəcəyinə inanmıram. Çünki Rusiyanın hərbi baxımdan xeyli inkişaf etdiyi, qlobal geosiyasətdə isə aqressivləşdiyi bir vaxtda Avropanın Moskvadan tamamilə üz döndərməsi ağlabatan deyil. Beynəlxalq münasibətlərdə həmişə “sərt güc”ə arxalanan Rusiyanın belə bir situasiyada atacağı addım Avropa ölkələri üçün qorxunc ssenariyə çevrilə bilər. Bu baxımdan, hesab edirəm ki, Avropa ilə Rusiya arasında yaşanan diplomat böhranı yaxın zamanlarda səngimək mərhələsinə qədəm qoyacaq. Bütün hallarda isə “Skripal işi” ilə bağlı istintaqın yekunlaşmasını gözləmək məqsədəuyğundur”.

Günay Elşadqızı / METBUAT.AZ

“Aprel hadisələri hər an təkrarlana bilər” – Hərbi ekspertlərdən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI