“Azərbaycan coğrafi, siyasi və iqtisadi cəhətdən Hindistan üçün maraqlıdır” – Millət vəkili

“Azərbaycanla tarixi əlaqələrimiz mövcuddur və ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir”.

Metbuat.az-ın məlumatına görə, bunu ötən gün prezident İlham Əliyev Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman, hindistanlı xanım nazir bildirib. O, qeyd edib ki, ticarət dövriyyəsinin böyük həcmdə artması əlaqələrimizin yaxşı göstəricisidir. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu deyib.

Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğulayıb və eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev isə müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirib.

İki ölkə arasındakı münasibətlərlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rüfət Quliyev bildirib ki, müstəqilliyimizi bərpa edəndən sonra Hindistanla münasibətlərimiz hər zaman çox güclü olub: “Bu münasibətlərin tarixçəsi var. Bilirsiz ki, Sovet dövründə SSRİ-də ən çox göstərilən hind filmləri olub. Bizim dəyərli sənətkarlarımız o dövrdə Hindistanda konsert verib, onları orada çox gözəl qarşılayıblar. Yəni, demək istədiyim budur ki, Azərbaycanla Hindistan arasında hər zaman isti münasibətlər olub.

İqtisadi münasibətlərimizə gəldikdə isə qeyd edim ki, burada bizim üçün maraqlı olan adıçəkilən nəqliyyat dəhlizləridir ki, bunları inkişaf etdiririk. Qazaxıstan və Türkmənistandan başqa, Əfqanıstan və Hindistan da bu layihələrə maraq göstərir. Bizim üçün maraqlı odur ki, qeyri-neft sektorumuzu sürətlə inkişaf etdiririk. Gələcəkdə Asiya qitəsindən Avropa qitəsinə gedən yol daha da rahat olacaq. Baxmayaraq ki, dənizlə, okeanla gətirilən yüklər nisbətən ucuzdur, amma burada vaxt söhbəti var. Vaxta nəzər yetirəndə dənizlə, okeanla göndərilən yük 45-50 günə çatırsa, dəmir yolu ilə göndərilən yük maksimum 20-25 günə, yəni, 2 dəfədən tez çatır.

Bu sahədə Hindistanın da, Azərbaycanın özünün də marağı var. Azərbaycanın marağı ondan ibarətdir ki, bir tərəfdən Asiya ölkələrinin, bir tərəfdən Rusiya, digər tərəfdən Avropanın marağı olursa, ölkəmiz təbii ki, bu məsələdə daha çox qazanacaq. Biz burada həm Xəzər dənizindən, Bakı Limanından, həm də gələcəkdə Ələt Azad İqtisadi Zonasından istifadə edə bilərik. Bizim maraqlarımız qarşılıqlıdır və istəyirik ki, iqtisadi münasibətlərimizi daha da artıraq. Qeyd edim ki, Hindistanın Azərbaycandakı səfiri də çox diqqətli, mehriban diplomatdır”.

- Görüşdə prezident İlham Əliyev Hindistanın digər şirkətlərinin də Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Ümumiyyətlə, Hindistan şirkətləri Azərbaycanda daha çox hansı sahəyə investisiya qoymaqda maraqlıdır?

- Bu gün iqtisadi xəritəyə baxanda Çindən sonra Hindistan ikinci sıradadır, yəni, həm iqtisadi aktivliyinə, həm də investisiya potensialına görə. Düşünürəm ki, Azərbaycanda Hindistana iqtisadi cəhətdən ən maraqlı sahə Ələt Azad İqtisadi Zonası olacaq. Çünki dediyim kimi, burada nəqliyyat məsələləri çox asan və ucuz başa gələcək. Digər tərəfdən də, Hindistanın Azərbaycanda açdığı müəssisələrin nəticələrinin Avropa ölkələri, o cümlədən də Rusiyaya çatdırılmağı çox asan olacaq.

Hindistan bu gün iqtisadi cəhətdən ən yüksək inkişaf tempinə malik olan ölkələrdən biridir. Təsəvvür edin ki, bu ölkədə hər il ümumi daxili məhsul artımı 5,5-7% olur. Bu isə yüksək göstəricidir. Yəni, nəhəng iqtisadiyyatları, maliyyə mənbələri var. Azərbaycan da həm coğrafi, həm siyasi, həm də iqtisadi cəhətdən Hindistan üçün maraqlıdır. Stabil dövlətik, valyutamız da stabildir, bir çox ölkələrlə yaxşı, dostluq, qardaşlıq münasibətlərimiz var.

Bir neçə gün öncə İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfər edəndən sonra açıqlamamda da dedim ki, İrandan sonra, Hindistan ən maraqlı ölkələrdən biridir. İranın maraqlı olması təbii bir haldır, orada 40 milyon azərbaycanlı yaşayır, qonşu dövlətdir. Hindistan isə dediyim kimi, ikinci yerdədir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Multikulturalizm Mərkəzi yaradılanda insanlar bu ifadəni tələffüz edə bilmirdi” – Rəvan Həsənovla ÖZƏL MÜSAHİBƏ/ FOTOLAR- VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı