“Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib və əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanlar var”.
Metbuat.az-ın məlumatına görə, bu barədə məlumat bir neçə gün öncə prezident İlham Əliyev Belarus Respublikasının Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyilib.
Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edilib. Belarusun Baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycan ilə Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd edib.
Prezident İlham Əliyev bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğulayıb və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.
İki ölkə arasındakı əlaqələrlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Eldar Quliyev bildirib ki, Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrimiz çox yüksək səviyyədədir:
“Bildiyiniz kimi, uzun müddətdir Belarusun Gəncədə traktor zavodu var. Həmin Belarus traktor zavodu təkcə Azərbaycanda yox, dünyada çox məşhur olan zavoddur. Bizdə artıq xeyli traktor istehsal olunub və bunun gələcəkdə də davamı olacaq. Belarus digər kənd təsərrüfatı maşınlarının istehsalı ilə əlaqədar da burada zavodlar açacaq. Bildiyiniz kimi, Belarusla ticarət əlaqələrimiz var, bizim məhsullarımız da orada satılır. Eyni zamanda Belarusun müəyyən ticarət nöqtələri Azərbaycanda var. Demək olar ki, MDB dövlətləri arasında ən yüksək iqtisadi əlaqələrimizin mövcud olduğu dövlət elə Belarusdur. Belarus iş adamları Azərbaycana çox yüksək sərmayələr qoyurlar. Ona görə bunu çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu əlaqələr getdikcə daha da artacaq”.
- Belarusla əlaqələrimizin genişlənməsi Azərbaycana gələcəkdə hansı dividentlər qazandıra bilər?
- Azərbaycana təbii ki, daha çox gəlir gələcək. Biz artıq idxal məhsullarından azad olub, özümüz istehsal edirik. Biz əgər hansısa məhsulu baha qiymətə onlardan alırdıqsa, indi artıq onların köməyi ilə özümüzdə istehsal edəcəyik. Bundan böyük divident nə ola bilər ki? Yəni, biz idxaldan azalırıq. Prezident İlham Əliyevin də qarşımıza qoyduğu məsələ budur ki, idxaldan azad olaq və ixracatımız artsın. Bu gün bizim kənd təsərrüfatı məhsullarımız arasında artıq nə qədər ixracat məhsulumuz var. Artıq 15,5 milyard manat həcmində ixracatımız mövcuddur. Bu, böyük rəqəmdir və getdikcə də artır. Bu da dediyim məsələlərə görə artır, yəni, idxaldan azad olub özümüz istehsal edirik ki, həm məhsulların qiyməti aşağı olsun, həm də dünya bazarlarına ixrac edək. Bunların nəticəsidir ki, təkcə keçən il 656 milyon dollar həcmində kənd təsərrüfatı ixracatı məhsullarımız olub. Bunun 150 milyon dolları ixrac etdiyimiz pomidor və fındıqdan gəlib. Bizim ixracat məhsullarımız Belarusda, Rusiyada və digər ölkələrdə var. Bunlar çox böyük işlərdir. Dediyim ki, Belarusla da çox yüksək iqtisadi əlaqələrimiz var və bu, bizim üçün çox faydalıdır.
Günay Elşadqızı / METBUAT.AZ