“Şahin”in İLK ZƏRBƏSİ, Ermənistana sərt və sarsıdıcı CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
124 baxış·6 dəq oxu
Azərbaycanın Müdafiə NazirliyiErmənistan
tərəfinin təxribatlarına sərt cavabların veriləcəyini bəyan
edib.Ermənistanın yeni prezidenti Armen Sarkisyan
vəzifəsinin icrasına başlayıb. Suriyanın Şərqi Quta bölgəsi
ətrafında situasiya pisləşməkdədir. Moskva Afrinin Dəməşqin
nəzarəti altına qaytarılmasını istəyib. İsrail Suriyanın hökumət
güclərinə məxsus aviabazaya raket zərbələri endirib.İran
nüvə razılaşmasından çıxmaq istəyən ABŞ-ı
hədələyib.
“Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi
qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar
yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma
xəttində gərginliyi artırmağa cəhd göstərir”. Bu
haqda Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Belə ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya
vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar
Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun
bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması
barədə məlumatlar yayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə
dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir. Erməni
tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək
təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq
yayılacağı istisna edilmir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının
qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı
cavablar veriləcək", - bəyanatda qeyd edilir.
Bu gün Ermənistanın yeni prezidenti Armen Sarkisyan
vəzifəsinin icrasına başlayıb. Armen Sarkisyanın
inaqurasiyası Demirçiyan adına İrəvan İdman-konsert kompleksində
təşkil olunub.
Qeyd edək ki, bununla da ölkə tam parlament idarə üsuluna
keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yeni
konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin
rəhbərlik etdiyi hökumətdir. Hökumət dövlət idarəetmə sisteminin
ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir. Baş
nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı
olacaq.
Aprelin 17-də Ermənistan parlamentində baş nazir seçkiləri
keçiriləcək.
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan
və Vladimir Putin arasında telefon söhbəti olub. Bu
haqda Türkiyə prezidentinin mətbuat xidməti bildirib.
Türkiyə prezidenti rusiyalı həmkarına Dəməşq şəhərətrafında
yerləşən Şərqi Quta, həmçinin Duna şəhərində hücumlarla əlaqədar
narahatlığını çatdırıb. Həmsöhbətlər həmçinin Dəməşqin
şəhərətrafına humanitar köməyin çatdırılması və bölgədə mülki əhali
arasında qurbanların qarşısının alınması üzrə birgə addımların
əhəmiyyətini vurğulayıblar.
Afrində vəziyyətin normallaşdırılmasının ən sadə
yolu onun Dəməşqin nəzarəti altına qaytarılmasıdır.
Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Afrina məsələsi aprelin 4-də Ankarada
keçirilən Türkiyə-İran-Rusiya üçtərəfli sammitinin gedişatında
müzakirə edilib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Afrini işğal
etmək istədiklərini bildirməyib”, - o bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu
yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı”
əməliyyatına başlayıb. Əməliyyatın 58-ci günündə Afrin şəhəri
PKK/YPG terrorçularından təmizlənib.
“Münbiç əməliyyatının ilk mərhələsi
başlayıb”. Bunu Konyada keçirilən bir konfransda
təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib.
“Bu prosesdə ən əhəmiyyətli hazırlıqlardan biri siyasi
danışıqlardır, yəni diplomatiya fəaliyyətin bir hissəsidir. Əgər
amerikalılarla, Rusiya, İran və digər tərəflərlə görüşürüksə, bu,
əməliyyatın ilk mərhələsinin başlanması deməkdir”, - o deyib.
Mete Yarar Türkiyənin hazırda ölkə xaricində eyni vaxtda 3
əməliyyatı keçirdiyini vurğulayıb:
Ərdoğanın anonsunu verdiyi Münbiç əməliyyatının İLK MƏRHƏLƏSİ BAŞLADI
Bəşər Əsəd rejiminin Şərqi Quta bölgəsinə kimyəvi
silahla hücum etməsindən sonra Rusiya ABŞ-ın raket hücumu və ya
digər şəkildə müdaxiləsinə qarşı Suriyada hərbi mövqeyini dəyişməyə
qərar verib. Suriyada yerləşdirilən S-400 havadan
müdafiə sistemi aktiv fəaliyyətə keçirilib. Suriyanın daxilində
Ruiyaya aid hərbi qüvvələrin olduğu bütün bazalarda qırmızı həyəcan
siqnalı verilib.
Rusiya və ABŞ Şərqi Qutanı müharibə zonasına çevirəcək - MÖVQELƏR DƏYİŞDİ
Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Suriya
ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib.
Rusiya və İranın "heyvan" Bəşər Əsədə dəstək verdiyini vurğulayan
Tramp Tvitterdəki səhifəsində yazıb ki, Bəşər Əsəd bunun üçün cavab
verəcək.
Bu gün isə Tramp Tvitter səhifəsində keçmiş
prezident Barak Obama Suriya məsələsində kifayət qədər sərt
olmadığını yazıb. “Əgər Prezident Obama özünün bəyan
etdiyi qırmızı xətti keçsəydi, Suriya fəlakəti çoxdan həll olardı.
Vəhşi Əsəd artıq tarixin parçası olardı”, – deyə o bildirib.
Suriyada hökumət güclərinə qarşı zərbələr istisna
edilmir. Bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis
bildirib.
Qeyd edək ki, ABŞ müdafiə naziri Ceyms Mettis hərbi müdaxilələrə
qarşı çıxmayan bir nazir kimi tanınır.
Suriyanın Xüms şəhərində hökumət güclərinə aid T-4
hərbi hava bazası raket hücumuna məruz qalıb. Bu
haqda Suriyanın dövlət agentliyi olan SANA məlumat yayıb.
"T-4 təyyarə bazasına bir neçə raketlə hücüm edilib. Bunun
ABŞ-ın təcavüzü olduğu istisna edilmir", - agentlik xəbər
verib.
Hərbi baza vuruldu - Söz verilən MÜHARİBƏ BAŞLADI?
Suriyanın aerodromuna aviazərbələri İsrailin Hərbi
Hava Qüvvələri endirib. Bu haqda Rusiyanın Müdafiə
Nazirliyindən bildirilib.
Qeyd edilir ki, hücum bazar ertəsi gecə 03:25-lə 03:53 arasında
həyata keçirilib.
“İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın
hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan
raketlə zərbəni endirib", - idarədən bildiriblər.
Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb
hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə
gücləri tərəfindən zərərsizləşdirilib. Hücum vaxtı Rusiya
məsləhətçilərinin zərər çəkmədiyi bildirilir.
ABŞ prezidenti Donald Trampın administrasiyası bu
həftə Rusiya barəsində yeni sanksiyaları müzakirə etməyi
planlaşdırır. Bu haqda Dövlət Administrasiyasına
yaxın mənbəyə istinadən “Kommersant” nəşri bildirib.
Bu gün prezidentin milli təhlükəsizlik üzrə məsləhətçi
vəzifəsində işə başlayan Con Bolton sanksiyaların yeni layihəsinin
müəllifidir. O, Rusiya ilə bağlı radikal mövqeyilə məşhurdur. “Yeni
Amerikan əsri” layihəsinin öndə gələn adlarından olan Con Bolton
neocon qanadın “şahin”i hesab edilir.
“Ağ kaskalılar”ın məşhur səhnəciyinə hazırlıq və “şahin”in Rusiyaya İLK ZƏRBƏSİ
ABŞ Suriyadan çıxmaq deyil, orada uzun müddət qalmaq
niyyətindədir. Bu sözləri Rusiyanın Xarici İşlər
naziri Sergey Lavrov deyib.
“Həmin iştirakçıların koalisiya üzvü olduğu faktını nəzərə
alsaq, ABŞ-ın özü məsələni Trampın dediyi kimi Suriyadan çıxmağa
aparmır. ABŞ burada uzun müddətə möhkəmlənmək üçün Suriyanı
müttəfiqlərinə buraxır”, - Lavrov bildirib.
İran nüvə razılaşmasından çıxan ilk ölkə
olmayacaq. Bunu İran Prezidenti Həsən Ruhani
deyib.
“Biz razılaşmanı pozan ilk ölkə olmayacağıq, ancaq əgər onlar
razılaşmanı pozsalar, peşman olacaqlar. Düşündüklərindən daha
hazırlıqlıyıq və bunu razılaşmanı pozandan sonra bir həftə ərzində
görəcəklər”, – deyə o bildirib.
“Sergey Skripal, Boris Berezovski və Aleksandr
Litvinenko işləri bir ssenari üzrə açılır”. Bu haqda
Rusiyanın baş prokurorunun müavini Saak Karapetyan bildirib.
Üç hadisə, eyni ssenari - Moskvadan ŞOK İDDİA
Rusiya nüvə silahlarını modernləşdirir, buna görə də
NATO nüvə müqavimətini gücləndirməlidir. Bu sözləri
NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Soyuq müharibənin bitməsindən sonra nüvə müqavimətinin az
əhəmiyyətli olacağını düşünürdük, ancaq əslində daha vacib məsələyə
çevrildi. Rusiya kimi köhnə nüvə gücləri nüvə imkanlarını
modernləşdirir və bununla bağlı olaraq NATO-nun etibarlı və güclü
müqavimətini qoruyub saxlaması lazımdır. Əlbəttə ki, nüvə qüvvələri
bütün müttəfiqlər üçün etibarlı müqavimətin tərkib hissəsidir”, -
Stoltenberq bildirib.