İddia var, fakt yoxdur - Qərəzli hesabat ictimaiyyətin və jurnalistlərin narazılığına səbəb oldu - VİDEO

İddia var, fakt yoxdur - Qərəzli hesabat ictimaiyyətin və jurnalistlərin narazılığına səbəb oldu - VİDEO
21:12 12 Aprel 2018
104 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Demokratik Təsissatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası prezident seçkisi ilə bağlı rəyini açıqlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, amma buna müşahidəçi rəyindən çox səsvermə günündən xeyli əvvəl hazırlanmış mətnin oxunması demək daha düzgün olar. Yəqin elə buna görədir ki, onların fikirləri mətbuat konfransında iştirak edən ictimaiyyət nümayəndələri və jurnalistlər tərəfindən ciddi etirazla qarşılanıb.
ATƏT-in tənqidləri əsasən ölkədə seçki ab-havasının və ədalətli rəqabət şəraitinin olmamsı üzərində köklənib. Onların ölkədə seçki ab-havasının olmaması ilə bağlı arqumentlərinin əsassız olmasının ən bariz göstəricisi səsvermə günü qeydə alınan 74 faizlik seçici aktivliyidir. Yəqin elə bu səbədəndir ki, onlar rəylərində seçici aktivliyi məsələsinə ümumiyyətlə toxunmayıblar. Əks halda "seçki ab-havasının olmadığı cəmiyyətdə bu qədər seçici aktivliyi necə qeydə alına bilər?" sualına cavab tapmaq onlar üçün çətin olardı. Qeyd edək ki, Avropanın qədim demokratiya ənənələrinə malik ölkələrindən olan müşahidəçilər də seçicilərin yüksək əhval-ruhiyəsini və aktivliyini xüsusi vurğulayıb.
Müşahidə missiyasının digər arqumenti isə namizədlər üçün ədalətli rəqabət mühitinin olmaması ilə bağlıdır. Bu tənqid, əslində səsvermə gününə qədər olan mərhələ ilə bağlıdır. Maraqlı bir sual ortaya çıxır. Niyə bu məsələ missiyanın aralıq hesabatında gündəmə gətirilmirdi? Əgər doğurdan da müşahidə missiyası belə bir haldan narahatlıq keçirirdisə, onu məhz aralıq hesabatda vurğulamalı və buna cavadeh qurumlar qarşısında məsələ qaldırmalı idilər ki, həllini tapsın.
Dövlət başçısınin gündəlik fəaliyyətinin, hətta beynəlxalq görüşlərini işıqlandırılmasını belə təşviqat bərabərliyinin pozulması kimi qiymətləndirilməsi isə sözün əsl mənasında absurddur. Axı dünyanın hansı ölkəsində dövlət başçısının hər hansı bir ölkəyə səfərini, yaxud başqa bir ölkədən gələn dövlət başçısı ilə görüşünün mətbuatda işıqlandırılması qadağası var?! Üstəlik, belə bir məhdudiyyət qanunvericilikdə də nəzərdə tutulmayıb.
Açıqlanan rəyin özündə belə ziddiyyətli məqamlar var.
Belə ki, eyni hesabatda həm müşahidə missiyasına yaxşı şəraitin yaradıldığı və münbit əməkdaşlıq mühitinin olduğu bildirilir, həm də bəzi müşahidəçilərə seçkinin izləmək imkanı verilmədiyi vurğulanır. Əgər belə bir ayrıseçkilik olsaydı bunu seçki hesabatını səsvermədən çox daha əvvəl hazırlamış ATƏT və AŞPA müşahidə missiyaları özü hiss edərdi. Çünki indiyə qədərki seçkilərdə ən qərəzli hesabatlar məhz həmin müşahidə missiyasının özü tərəfindən hazırlanıb. Bu iddialara da ən gözəl cavab elə Avropadan olan digər müşahidəçilərin fikirləridir.

Müşahidə missiyası səsvermə prosesindəkı qanun pozuntularından bəhs edərkən qutulara çoxlu sayda bülleten atıldığını deməklə kifayətlənir. Maraqlısı budur ki, nə missiya üzvlərinin, nə də hər hansı bir müşahidəçinin bununla bağlı MSK-ya müraciəti olmayıb. Əgər belə bir pozuntu müşahidə edilibsə, ilk növbədə seçkinin keçirilməsinə məsul olan qurum - MSK məlumatlandırılmalıdır. Yəni iddia var, amma fakt yoxdur. Maraqlıdır, Avropa ölkələri də daxil olmaqla digər ölkə və təşkilatların nümayəndələrinin müşahidə etmədikləri pozuntuları onlar necə görüblər?
Və nəhayət, daha bir maraqlı məqam odur ki, müşahidə missiyasının Polşadan olan iki üzvü hazırlanan rəyi imzlamaqdan imtina edərək dünən gecə ölkələrinə qayıdıb. Məlumata görə, onlar məhz hazırlanan rəyin reallığı əks etdirmədiyini əsas gətirərək belə addım atıblar. Yeri gəlmişkən, missiya üzvləri bununla bağlı sualı cavablandırmaqdan imtina ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İddia var, fakt yoxdur

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR