“Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır. Bəzi ağaclar var ki, onların tozlanması allergiyaya meyilli insanlarda narahatlıq yaradır. Allergik xəstəliklərin yaranma səbəbləri arasında irsilik, virus infeksiyaları, qida və ekoloji dəyişikliklər yer alır”.

Bunu Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, Azərbaycan Tibb Universitetinin professoru Amaliya Əyyubova bu gün keçirilən mətbuat konfransında deyib:

“Statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Alimlərin son araşdırmalarına görə, 2020-ci ildə Avropa əhalisinin yarısının bu xəstəliklərdən əziyyət çəkəcəyi ehtimal edilir. Mən şəxsən bunu bir faciə kimi qiymətləndirirəm. Valideynlərində allergik xəstəliklər olan uşaqlara süni qida, sitrus meyvələri, yumurta, şirniyyatların verilməməsinə diqqət yetirilməlidir. Bu qidalar orqanizmin həssaslığını artırır, allergik reaksiya və ya xəstəliyin yaranmasına səbəb olur. Yeni doğulan uşaqlarda allergiya özünü bəzi hallarda büruzə verir.

Məsələn, yanaqda əmələ gələn qızartı və ya səpkilər, başda olan qartmaqlar gələcəkdə ola biləcək xəstəliyin xəbərçisidir. Allergiyanın əmələ gəlmə səbəblərindən biri də irsilikdir. Valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır. Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur. Altı aydan sonra körpələrdə immunitet bir qədər zəifləyir, onlarda virus və ya bakterial mənşəli xəstəliklərə meyillilik artır”.

Aysel Yaqubqızı / Metbuat.az