Mən keçən bahar aşiq oldum - Bəlkə, bu bahar...

Unuduram… Oxuduğum kitabları, baxdığım filmləri, tez qeyd etməyim üçün deyilən nömrələri.

Dəfələrlə olub. Yeni tanıdığım birindən adını soruşub, söhbətin sonlarına yaxın unutmuşam. Adını çəkmədən sağollaşıb, nömrəsini isə məkanın adı ilə qeyd etmişəm. Bəzən isə bilərəkdən unutmuşam. Oxuya bilmədiyim insanları sevmədiyim kitablar kimi yarıda qoymuşam. Kitaba davrandığım qədər ədalətli olamamışam onlara. Bir gün qayıdaram deyə qoyduğum yerdə kənarını qatlamamışam. Getməyi sevmişəm bəlkə də, bilmirəm...

“Mən hər bahar aşiq olmuram, amma hər bahar getmək istəyirəm. Heç vaxt getmədim, amma olsun. İstəmək də gözəldir”.

Can Yücelin bu fikirlərinə qatılıram, amma fərqlidir məncə getmək. Getmək fikri gedib çatmaqdan daha həyəcanlıdır. Çünki getmək azadlıqdır, ruhunun səsini dinləyə bilməkdir. Həmin an getdiyin yer çox da önəmli deyil. Getməyin ən pis tərəfi çatmaqdır. Çünki gəlib çatdığında getmək bitir. Getdiyin yerə çatmaq səni həmişə üzür. Ona görə getmək daha yaxşıdır. Ən gözəl getmək hissi bir yerə çatmadan getməkdir. Elə, sadəcə getmək...

Gözləri məzarlığa çevrilmiş insanlar var ətrafımızda. Qəlblərindən gedən şəxsləri gözlərində dəfn edən, əlindəki badəni özünə dost edənlər. Başqa bədənlərdə, başqa qəlblərdə ömrünün sonuna kimi təsəlli tapanlar. Tapmağa çalışanlar ya da. Hərdən getməyi bir də onların yorğun səslərindən dinləyin...

“Mən burada yaşasam, solaram, ölərəm” – deyən bir insana daha çox heyranlıq hissi yaranır, yoxsa “Axtardığım şey burada imiş. Burada, bu şəhərdə, bu dörd divar arasında. Dünyanın ən gözəl adında, gülümsəməsində imiş. Mən getmək istəmirəm, sən də qal” – deyənə? Əslində, gedişlərin əksəriyyəti sonsuza qədər xoşbəxt olduğun yeri tapa bilmək üçündür. Bəzən isə getməyi sevdiyin üçün...

Mən keçən bahar aşiq oldum. Bəlkə, bu bahar getsəm?!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı