Havalar isindikcə mədə-bağırsaq infeksiyaları artır

“Virus infeksiyaları- qrip, soyuqdəymə daha çox soyuq fəsillərdə özünü göstərir. Havalar isindikcə isə mədə-bağırsaq infeksiyaları ehtimalı artır”

Bunu Metbuat.az-a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

“Günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır. Hazırda, qriplə bağlı müraciətlər yoxdur”.

Qripə həssaslıq bütün insanlarda var. Xəstəlikdən necə qorunaq?

“Qidalanmaya fikir vermək lazımdır. Bədənin müqavimətini artırmaq, immuniteti gücləndirmək üçün meyvə-tərəvəz, vitamin tərkibli qidalardan istifadə edin. Soğan, sarımsaq virus öldürücü olduğu üçün xeyirlidir. Xəstə halda işə getmək düzgün deyil, əgər gedilərsə qoruyucu vasitələrdən, maskalardan istifadə edin. Şəxsi gigiyena haqqında da unutmaq olmaz: Əllər tez-tez yuyulmalı, mənzilin havası dəyişməli və evdə nəmləndirici təmizlik işləri aparılmalıdır”.

Yaz-yay aylarında özünü yüksək hərarət, qusma, ishal əlamətləri ilə göstərən mədə-bağırsaq infeksiyaları artır. Necə qorunaq?

Baş infeksionist bildirib ki, vaxtı keçmiş qidalardan uzaq olun. Ərzaq məhsullarının saxlanması, daşınması zamanı gigiyena qaydalarına əməl etmək lazımdır. Meyvə-tərəvəz alarkən mütləq qaynar su ilə yuyulmalıdır. Alınan məhsulları vaxtında yemək lazımdır. Çiy sudan içmək olmaz.

Aysel Yaqubqızı / Metbut.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR