Konstitusiya Məhkəməsi bu gün prezident seçkilərinin nəticələri ilə bağlı qərar qəbul edib. Məhkəmənin yekun qərarına əsasən aprelin 11-də keçirilən prezident seçkilərinin nəticəsi legitim hesab olunub və İlham Əliyev növbəti 7 il ərzində prezident vəzifəsinə rəsmən təsdiqlənib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Konstitusiya Məhkəməsi bu gün 11 apreldə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq etmək üçün toplanıb. Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

Məhkəmənin Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

Sonra çıxış edən hakim Rəfael Qvaladze prezident seçkiləri ilə bağlı prokurorluq və polis orqanlarına şikayət daxil olmadığını nəzərə çatdırıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək seçkiyə hazırlıq prosesi və seçkilərin keçirilməsini təfərrüatları ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxışdan sonra Məzahir Pənahov Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayevin suallarını cavablandırıb. O, 4 seçki məntəqəsində qanun pozuntuları ilə bağlı nəticələrin ləğv olunduğunu, ancaq bunun seçkinin ümumi nəticələrinə təsir edəcək həcmdə olmadığını bildirib.

Daha sonra hakimlər müşavirəyə gedib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun qərarı açıqlayıb.

Milli.Az