Ermənistanda etirazlar dayanmır

Ermənistanda nümayişlər davam edir.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, nümayişlərdə iştirak etmək üçün paytaxt Yerevana on minlərlə insan gəlib. Budəfəki etirazların səbəbi isə Serj Sarkisyanın istefasından istifadə edən hakim Respublikaçılar Partiyasının iqtidarını qorumağa çalışmasıdır.

Nümayişçilərin lideri, müxalif deputat Nikol Paşinyan onları tənqid edərək deyib: “Respublikaçılar Partiyası hər zaman hakimiyyətdə qala bilməz. Burada xalq qazandı”.

Paşinyan, rus səlahiyyətlilərlə görüşündə Moskvanın Ermənistanın daxili işlərinə müdaxilə etməsini istəmədiklərini söylədiyinə diqqət çəkib. Respublikaçılar Partiyası ilə müzakilərin davam etməsini planlaşdırdığını bildirən Paşinyan, müxalifət olaraq Ermənistanda müvəqqəti hökumətin yaradılması üçün müzakirələrə hazır olduqlarını deyib.

Müvəqqəti baş nazir Karen Karapetyan təhlükəsizlik qüvvələrinin ölkədə fövqəladə vəziyyət elan etməsini istəyib. Paşinyan isə bildirib ki, Karapetyan bununla bağlı qərar imzalasa belə, yerinə yetirilməyəcək. Karapetyanın müvəqqəti baş nazirliyinin qanunsuz olduğunu deyən Paşinyan, baş nazirin istefasından sonra hökumətin bütün üzvlərinin istefa verməli olduğuna diqqət çəkib: “Bizim bir arzumuz var – Ermənistan Respublikaçılar Partiyası administrasiyanı qeyd-şərtsiz təslim etsin”.

Qeyd edək ki, nümayişlər bu gün də davam edəcək. Paşinyan bildirib ki, müvəqqəti hökumətin yaradılması və erkən seçki tələbləri yerinə yetirilməyənə qədər mitinqlər davam edəcək.

Ermənistanda nə baş verir?

Serj Sarkisyanın ard-arda iki dəfə prezident olduqdan sonra baş nazir olması ilə Ermənistanın paytaxtı Yerevanda 11 gün müddətində davamlı aksiyalar davam elədi. Sarkisyanın istefası üçün aprelin 13-dən başlayan etirazlara aprelin 23-də əsgərlər də qoşuldu. Bundan sonra istefa vermək məcburiyyətində qalan Sarkisyan deyib: “Mən yanılmışam, bu vəziyyətdə bir neçə həll yolu var, amma heç birini seçmirəm, bu mənim tərzim deyil.

Bunun ardınca prezident Armen Sarkisyan baş nazir və hökumətin istefasını qəbul edib. Bazar günü tutulan müxalif deputat Nikol Paşinyan isə azadlığa buraxıldıqdan sonra erkən seçki çağırışı edib. Bu tələblə nümayişlər hələ də davam edir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR