Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək müğənni Aysel Məmmədova rusiyalı ifaçı Filip Kirkorovun doğum günündə iştirak edib.
Publika.az xəbər verir ki, dünən Rusiyanın Xalq artisti Filip Kirkorovun 51 yaşı tamam olub. Bu münasibətlə müğənni “Eurovision” ərəfəsində Portuqaliyada özünə təmtəraqlı doğum günü partisi keçirib. Doğum günü ziyafətində Aysel Məmmədova, keçmiş “Eurovision” təmsilçiləri Sergey Lazerev, Aleksandr Rıbak və başqa məşhurlar iştirak edib.
Aysel Məmmədova onu bu yaxınlarda Azərbaycanın divası adlandıran Filip Kirkorovla bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb:
“Doğum gününüz mübarək, əziz Kirkorov. Sizinlə tanış olduqdan sonra öyrəndim ki, siz çox gözəl sənətçisiniz, eyni zamanda möhtəşəm insansınız. Çox şanslıyam ki, sizi tanımaq fürsəti qazandım. Sizə hər şeyin ən yaxşısını arzulayıram. Çünki buna layiqsiniz”.
Qeyd edək ki, Lissabonda keçirilən "Eurovision" müsabiqəsində Moldovanı Kikorovun yetirmələri - “Doredos” qrupu təmsil edəcək. O, qrup üçün “My lucky day” adlı hit yazıb.