"Biz evləndiyimiz zaman uşaq idik. Mənim 19 yaşım var idi, Sibelin 17”.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Sibel Canın birinci əri Hakan Ural Emre Saygının “Hadi Be” verilişində deyib. Məşhur aktyor və aparıcı Hakan Ural Sibel Canla evlənməsi ilə bağlı maraqlı açıqlamalar verib.

Ural 1988-1999 arasında evli olduğu, uşaqları Engincan və Melisanın anası Sibel Can haqqında bunları deyib:

"Biz evlənəndə daha uşaq idik. Mənim 19 yaşım var idi, Sibelin 17. Keçmiş həyat yoldaşımın analığını çox sevirəm, fədakardır. Gecə həyatı yoxdur. Spirtli içkilər və siqaret istifadə etməz. Qumar oynamaz. Dəbdəbəni sevmir. 16 yaşından bəri hələ də eşşək kimi çalışır. Qazancını uşaqlarına və yaxınlarına xərcləyir, böyük ailəyə baxır. Məktəb və xəstəxana tikdirir. Bunları da heç kəsə deməz".

Hakan Ural atası, müğənni Səlcuq Uralın ona atalıq etmədiyini etiraf edib: “4 yaşımda anam ikinci dəfə evləndi. Evləndiyi adam Türkiyə Cümhuriyyətinin ən böyük qoçularından idi: Hikmət Uzun. Məni o sülalədə böyütdü. Türkiyədəki bütün qoçu aləmi məni tanıyır. O mühitdə böyüdüm. İndi millət mənə "Səlcuq Uralın oğlu” deyir. Əlaqəsi yoxdur. Mənim üzərimdə əməyi olan şəxs Hikmət atadır".