ARB Ulduz-un “Şou məkan” proqramının növbəti müsahibi
Xalq artisti Faiq Ağayev olub.
Publika.az xəbər verir ki, bu yaxınlarda türkiyəli
sənətçi Müşərrəf Akayın verilişinə qonaq olan Xalq artisti Faiq
Ağayev qardaş ölkənin şou-biznesinə qatılmaq üçün min dərədən su
gətirən həmkarlarından danışıb:
“Hər bir insan evdən işə gedərkən fikirləşir ki, ruzisini
qazanacaq. Müğənnilərdə də vəziyyət eynidir. Mən hansısa bir işə
qol qoyanda ilk növbədə həmin işin pul tərəfini ölçmürəm. Türkiyədə
miqyas daha böyükdür, qazanc imkanı da böyükdür. Avropanın
astanasıdır. Ona görə bizim müğənnilərimiz bu qədər Türkiyəyə can
atırlar. Pis bir şey görmürəm. Ancaq əfsuslar olsun ki, son 15 ildə
böyük uğur qazanan ifaçılar olmayıb.
Bizimkilər gedib orda Hande Yener kimi, Tarkan kimi, Aleyna Tilki
kimi, Ajda Pekkan kimi bir yer tutmaq istəyirlər. Bu isə mümkün
deyil.
Türkiyə şou-biznesinə daxil olmaq üçün 40 qapıdan keçib divlərlə
üz-üzə gəlsən də, yerli şou-biznesə xaricdən daxil olmaq daha asan
görünür.
Bizdə Manana Əməkdar artist oldu, Azərbaycan vətəndaşlığını qəbul
etdi. Manana digər Azərbaycan vətəndaşları kimi istədiyi məclisdə
gedib iştirak edir, dəvət olunduqda pulunu qazanır. Biz daha
qonaqpərvərik.
Türkiyə sırf kapitalist qanunları ilə idarə olunur. Bu şou-biznesə
də aid olduğundan bizim müğənnilər üçün çətin olur. Vacib olan
sənin potensialın deyil, vacib olan odur ki, şirkətlər sənlə
maraqlansınlar və pul ödəsinlər. Təəssüf ki, bizimkilər şirkətlərə
pul verirlər”.
Bəzi sahələrdə olduğu kimi şou-biznesdə də yararsız ifaçılar
sayəsində xaosun yarandığını etiraf edən sənətçinin maraqlı
müqayisəsi olub:
“İndi istənilən biri özünə psixoloq deyir, diyetoloq deyir,
istənilən sahənin hərşeyşünası olur. Eynilə də müğənnilikdə,
musiqidə. Peşə baxımıdan yararsız insanlar ortalıqda gəzib
dolaşırlar. Nə isə etmək istəyirlər. Ancaq əgər yararsızsansa, nə
edəcəksən?
Bizim sfera elədir ki, bizə müraciət etdiyin qədər həkimin yanına
getmirsiz. Ürəyin ağrıyanda həkimə gedirsən, ancaq qəlbin ağrıyanda
həkimə getmirsən, musiqi dinləyirsən. İnsanlar atasına, anasına,
həyat yoldaşına deyə bilmədiklərini bizimlə, mahnılarımızla
bölüşürlər”.
Faiq Ağayevin "Şou-biznesdəki xaosu biraz sakitləşdirmək, qaydasına
salmaq üçün sizcə, idarəediciyə ehtiyac varmı?" sualına cavabı belə
olub:
“Xeyr. Bu, fərdi sənətdir. Biz xor deyilik. Xorda hə, bir
konsertmeyster olur. Müğənnilər arasında əsas məsələ yenilik
axtarışıdır, bu xalqın musiqisini öz ifalarında daşımaq ödəliyidir.
Başçı olsa, nə edəcək. Deyəcək ki, ay filankəs, bayağı mahnı
oxuma!? Cavab verəcək ki, sən kimsən, oxuyuram da özüm üçün”.
Xalq artisti Faiq Ağayev, hər zaman cavanlara dəstək olduğunu dilə
gətirib:
“Mən zaman-zaman gənc müğənnilərlə bərabər oxuyuram. Onları iştirak
etdiyim tədbirlərə aparıram. Televiziya verilişlərinə dəvət
olunanda özümlə cavan bir müğənni aparıram. Mənim üçün gənclər
informasiya mənbəyidir. Təkcə televiziyaya baxıb, radioya qulaq
asıb, xarici ölkələrdə olan müğənnilərin nə etdiklərinə baxmaqla
kifayətlənmirəm. Mən cavan ifaçılarımıza da baxıram, qulaq asıram.
Cavanlar bəzən bəhanə gətirirlər ki, bizə böyüklər imkan vermir.
Heç kimim qarşısında dayanıb oksigenini kəsmirik”.
Konfliki, qalmaqalı sevmədiyini hər zaman etiraf edən Faiq Ağayev
vaxtını bəzilərindən fərqli olaraq, işə və sənət yeniliklərinə sərf
etdiyini vurğulayıb:
“Axşam saat 8-də studiyaya girdim. Səhər saat altıda çıxdım. Düz 1
saat işləmişəm. Bir albomluq mahnılar hazırlanır. Heç ağlınıza
gətirmədiyiniz bir müəəlliflə işləməyə başlamışam. Bundan qabaq
onunla işbirliyim olmayıb.
Söz verirəm ki, may ayında hamınızın sevə-sevə dinləmək istədiyiniz
bir mahnını vitrin mahnısı olaraq təqdim edəcəm. Əlavə məlumat
vermirəm. Sadəcə mahnının adını deyirəm, “gözüm dəyməsin sənə”
”.