Həzz almaq çox miskin və yaşamın tələsik hissidir. Heyvan da həzz ala bilir. Ruhun təntənəsi, əqlin qidası düşünməkdir. Viktor Hüqo belə yazmışdı.
Viktor Hüqo ilə yanaşı, Aristoteldən, Əl Birunidən, Eynşteyndən, Maks Plankdan, Sofokldan iqtibaslar gətirən, fəlsəfənin ən mürəkkəb istiqamətlərində uğurla müzakirələr aparan, ali riyaziyyatdan yazan çoban var.
Bəli, o əsl, gerçək çobandır.
Milli.Az bildirir ki, Dağıstandakı ucqar Kuli kəndində yaşayan lak Əbdürrəhman Kadianyev çobandır və eyni zamanda, İnstagram ulduzudur.
Onun İnstagram-dakı "pastukh" profili fenomenal sürətlə populyarlaşır.
Çoban Əbdürrəhmanın dediyinə görə, blyuz, caz və operanı çox sevir. Üstəlik, fortepianoda da ifa edir.
"Bir az rəssamlığım da var. Təbii, Deqa, Mone və ya Renuar deyiləm, amma doğma dağlarımızın impressionizmini, təbiətin ekspressiyasını əks etdirməyə çalışıram", - çoban Əbdürrəhman deyib.
Onun sözlərinə görə, Milana, "La Skala"ya yollanıb Cüzeppe Verdinin "Riqoletto" və "Falstaf" operalarını dinləmək, Vyana Operasında Şubertin əsərlərinə qulaq asmaq istəyir.
"İstəyimə də çatacağam. Çobanlığa gəldikdə isə, hə, çobanam. Özü də lap gerçəyindən. Kəndimi də çox sevirəm və buranı tərk etmək niyyətində deyiləm", - Əbdürrəhman Kadinayev deyib.
Əbdürrəhmanı artıq ABŞ, Britaniya, Fransa telekanallarına dəvət ediblər.
"Qoyun otaran filosof" kimi tanınan Əbdürrəhmanın İnstagram-dakı daimi təqibçiləri arasında bəstəkarlar, filosoflar, alimlər, sənətçilər də var.
Milli.Az