Ötən gün mayın 20-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti işğal edilmiş Azərbaycan ərazilərində mayın 14-dən 19-na qədər davam edən hərbi təlimlərin yekunları ilə bağlı məlumat yayıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağ "ordusunun" cənub istiqamətində (Füzuli-Xocavənd) keçirdiyi birgə operativ-taktiki təlimlərdə döyüş aviasiyası da tətbiq olunub.

Təlimlər üç mərhələdə, Dağlıq Qarabağın cənubundakı hərbi poliqonlardan birində o cümlədən taktiki və hərbi aviasiyanın köməyi ilə keçirilib. Təlimlərin mövzusu düşmənin qəfil hücumunun dəf edilməsi, qoşunların ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi və müdafiə əməliyyatlarının keçirilməsi olub.

Ermənistan hərbi aviasiyası Füzuli istiqamətində uçuşlar keçirib? - FOTO

Digər detallar, o cümlədən hansı tip aviasiya texnikasının tətbiq edildiyi haqda məlumat verilmir. Əgər bu məlumatda deyildiyi kimi söhbət taktiki və hərbi aviasiyasiyanın tətbiqindən gedirsə o zaman belə təxmin etmək olardı ki, Ermənistan hərbi təyyarələri işğal altındakı ərazilərin dərinliklərində uçuşlar keçirib. Hansı ki, bu açıq-aşkar vəziyyəti gərginləşdirməyə yönəlmiş addımdır və Yerevanın son günlər həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm təmas xəttinin digər istiqamətlərində təxribat-qızışdırıcı fəaliyyətinin davamıdır.

Milli.Az