İyun ayının 4-dən 8-dək Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Premier Art Management production şirkətinin təşkil etdiyi yeni Baku Summer Jazz Days (Bakı Yay Jazz Günləri) layihəsi təqdim olunacaqdır. Bakı Yay Jazz Günlərində müxtəlif ölkələrdən olan, fərqli caz üslubunda ifa edən musiqiçilərin verəcəyi beş konsert nəzərdə tutulub.

Yay Jazz Günlərinin açılışı ərəfəsində Trend Life-ın oxucularını festivalın musiqiçiləri və iştirakçıları ilə tanış etmək istərdik. Bu gün sizə Macarıstandan gələcək olan qonaqlarımızı təqdim edirik. Festivalın təşkilatçıları - Premier Art Management - layihə rəhbərlərindən biri olan, perküsyonist və zərb alətləri ifaçısı Andras Des -in müsahibəsini təqdim edirlər.

- Bu Bakıya ilk səfərinizdir? Gözləntiləriniz nədir?

- Mən iki il əvvəl Bakıya ilk səfərimi etmişdim , amma çox qısa bir səfər oldu. Ümid edirəm ki, bu dəfə bu gözəl şəhər ilə daha yaxından tanış ola biləcəm.

- Konsert zamanı yeni ifalar nəzərdə tutulubmu?

- Biz son layihəmiz olan Maiden Tower (Qız Qalası) albomunu səsləndirəcəyik. Bu albom 2016-cı ilin yazında yazılmış və keçən il buraxılmışdır.

- Siz bizim caz ifaçımız Elçin Şirinovla tanışsınız, bəs caz irsimizlə tanışsınızmı?

- Təəssüf ki, mənim Azərbaycan caz irsi lə tanış olmaq imkanım olmayıb, amma Bakıdan yaxşı caz ifaçıları ilə görüşmüşəm. Son səfərim vaxtı gözəl bir caz klubda unudulmaz bir axşam keçirtmişəm.

- Elçin Şirinov ilə əməkdaşlığa necə başladınız?

- Biz Budapeştdə olarkən Polşanın tanınmış caz ifaçısı Grzegorz Karnas-ın qrupunda birlikdə ifə etdiyimiz zaman tanış olduq. Voicingers festivalında iştirak etdiyimiz zamanda da bir neçə dəfə görüşmüşdük.

- Elchin Shirinov &Trio András Dés layihəsinin yaradılması kimin fikri olub?

- İlk dəfə Elçinlə tanış olduğumuz zaman bu öz özünə baş verdi, biz mütləq birgə iş görməliydik. Sonra Budapeştdə birlikdə bir konsert təşkil etdik və bu qrupun necə möhtəşəm səsləndiyini başa düşdük. Dərhal studiyaya yollandıq.

- Biz premyeranı səbirsizliklə gözləyirik, bu həyəcanı bizimlə bölüşürsünüzmü?

- Bu parçaya ad verən Qız Qalasının vətənində, Bakıda bu parçanı ifa edəcəyimə görə çox şadam.

Bu da həmyerlimiz pianoçu Elçin Şirinovun Macar dostlarıyla işi haqqında fikirləri.

- Elçin, ilk növbədə, sizi yaradıcılığınızda əldə etdiyiniz böyük uğurunuz münasibəti ilə təbrik edirəm. Bildiyimizə görə bugünümüzün ən məşhur caz musiqiçilərindən biri olan - bəstəkar, bassist Avishai Cohen sizi öz qrupuna dəvət edib və onunla dünya turuna çıxmağa hazırlaşırsınız. Bu xəbərlər sizə nələr hiss etdirdi?

- Bu həmişə mənim xəyalım olmuşdur. 15 ildir ki mən Avishai Cohen-a qulaq asıram və onun musiqisini, ifasını çox sevirəm. Əvvəlcə onun meneceri mənimlə əlaqə saxladı, sonra isə o özü mənə zəng etdi! və ifamı, mənim kompozisiyalarımı, improvizasiyalarımı bəyəndiyini söylədi. Və əlavə etdi: "Xahiş edirəm dəyişmə, belə ifa etməyə davam et". Bunu caz nəhəngindən eşitmək inanılmazdır! Mən çox xoşbəxtəm. Avishai-nin dəvəti üzərinə mən İsrailə getdim, orada bir neçə gün məşq etdikdən sonra Fransada, Parisin yaxınlığında ilk çıxışımızı etdik.

- Mənim üçün səhnəni belə bir ustadla bölüşmək böyük xoşbəxtlik idi. Konsertdən sonra Avishai mənim onun qrupunda - trioda və simfoniya layihəsində- ifa edəcəyimi rəsmən elan etdi.

- Keçən yay biz sizin xarici caz ifaçıları iıə birgə işlərinizi təqdim etdik- bas gitaraçı Linley Marte (Fransa) və zərb alətləri ifaçısı Stephane Galland (Belçika). Bu dəfə isə Macarıstanlı musiqiçilərlə beynəlxalq layihənizi təqdim edirik. Layihənin həmmüəlliflərinin siz və Andras Des olduğunu bilirik. Bunu necə həyata keçirtdiniz?

- Linley və Stephan ilə keçən il yayda keçirtdiyimiz konsert unudulmaz idi! Budapeştdə Opus Caz Klubunda məşhur Polşa caz vokalçısı Grzegorz Karnas-la birlikdə ifa etdiyimiz zaman Andras-la tanış oldum. Ondan sonra bir neçə dəfə Polşada caz festivalında birlikdə ifa etdik. Biz başa düşdük ki, biz bir-birimizi mükəmməl hiss edirik və biz birlikdə ifa etmək istəyirik. Sonra albom yazmağa qərar verdik. Necə alındığını Bakı premyerasında eşidəcəksiniz.

- Bir çox turlarınız, xaricdə çıxışlarınız var. Yaxın gələcək üçün nə planlaşdırırsınız?

- Tezliklə "Qız qalası" ilə Avropa turu və əlbəttə, Avishai Cohen ilə dünya turu olacaq!

- 5 iyun tarixində Muğam Mərkəzində premyerası olacaq yeni layihənizə uğurlar arzulayırıq

- Təşəkkür edirik! Səbirsizliklə Baku Summer Jazz Days gözləyirik!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az