Çində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti

Çin Xalq Respublikasının Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə görüşü keçirilir.

Metbuat.az xəbər verir ki, zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları - Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, habelə təşkilata ötən il qoşulan Pakistanın Prezidenti Məmnun Hüseyn və Hindistanın baş naziri Narendra Modi iştirak edir. Qeyd edək ki, bu, Pakistan və Hindistanın təşkilata tam hüquqlu üzv qəbul olunmasından sonra ŞƏT-in ilk zirvə görüşüdür.

Zirvə görüşündə təşkilatda müşahidəçi statusu olan ölkələrdən İranın, Əfqanıstanın, Monqolustanın və Belarusun prezidentləri də iştirak edir. Bundan başqa, BMT, Müstəqil Dövlətlər Birliyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə də daxil olmaqla bir sıra beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri də tədbirə qatılıblar.

Zirvə görüşündə beynəlxalq və regional təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq. Zirvə görüşü iyunun 10-da yekun bəyannamənin qəbulu ilə başa çatacaq.

Qeyd edək ki, 2001-ci ildə yaradılan təşkilata hazırda 8 dövlət – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistan üzvdür. ŞƏT-ə üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR