Bu gün Qeyri-Hökumət təşkilatları nümayəndələri xarici sifarişlərin yerinə yetirilməsindən imtina edərək dövlətin maraqlarına xidmət edirlər. QHT təmsilçiləri könüllülük əsasında bu məsuliyyəti üzərlərinə götürən insanlardır.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubiley tədbirində çıxışı zamanı deyib.
B.Muradova 10 il ərzində Milli Məclislə Şura arasında formalaşmış əməkdaşlıqdan danışıb:
“Milli Məclis hakimiyyətin müstəqil qanadıdır. Milli Məclislə Qeyri-Hökumət təşkilatlarına dövlət dəstəyi şurası ilə memorandum imzalanıb. Bu, Milli Məclis tərəfindən Şuraya verilən dəyərin sübutudur. Qanunların müzakirəsi, qəbulu və onun insanlara çatdırılması istiqamətində birgə fəaliyyət göstəririk. Şura tərəfindən təklif edilən bir sıra qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib. Bu layihələri təqdim edən, təsdiq edən, həyata keçirilməsinə dəstək olan insanlara təşəkkür edirəm. QHT-lər dövlətin və xalqın taleyinə birgə dövlət məmurları qədər məsuliyyət daşıyırlar. Bu məsuliyyətin altına çiyin verdiklərinə görə, hər bir üzvünüzü təbrik edirəm”.