Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə “Gülüstan” sarayında təntənəli mərasim keçirilib.
Publika.az xəbər verir ki, dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin
respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq
təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə
gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranlarının
iştirakı ilə keçirilən tədbirdə Müdafiə naziri general-polkovnik
Zakir Həsənov nitq ilə çıxış edib.
Nazir bildirib ki, ölkəmizin müasir ordu quruculuğunun əsası
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:
“Bildiyiniz kimi, bu gün xalqımız Azərbaycan Ordusunun
yaradılmasının 100-cü ildönümünü qeyd edir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qeyd edildiyi kimi,
Azərbaycan Ordusu 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun
varisidir. 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun
bazasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may
1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun
yaradıldığı gün - 26 iyun tarixi “Azərbaycan Ordusu” günü kimi elan
edilib.
O tarixdən bu günədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçib.
1918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və
Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz
İslam Ordusu Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan azad
etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunub. O cümlədən,
1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı
yönəlmiş erməni təcavüzünün qarşısının alınmasında böyük
nailiyyətlər əldə edib. 1991-ci ildə, xalqımız ikinci dəfə
müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılmış
və Ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Azərbaycanda
müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulub. Qısa müddət ərzində Ordumuz qarşısına qoyulan
hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilib. Bu
gün Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti -
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi ilə dünya ordularının sırasında öz layiqli yerini tutub.
Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz
üçün ən başlıca məsələdir”.
Z.Həsənov onu da vurğulayıb ki, Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.
“Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan Respublikası tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğala davam edir. Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, Respublikamızın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə vermək”.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi
bir çox dövlətlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığını
ildən-ilə inkişaf etdirir.
“Bu gün dövlətimizin qarşısında ciddi təhlükəsizlik məsələlərinin
olmasına baxmayaraq, Azərbaycan Ordusu sülhməramlı əməliyyatlarda
iştirak edərək beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə
verməkdədir”.
Sonra bayram münasibətilə Hərbi Paradda iştirak edən xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmələri haqqında Müdafiə nazirinin əmri oxunub.