Taylandın şimalındakı Çianq Ray bölgəsindəki "Tham Luan Nang Non" mağaralarında qalmış uşaqların və məşqçinin xilas edilməsi ilə bağlı əməliyyatlar davam edir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 12 oğlan Taylandın "Qabanlar" futbol komandasının üzvləridir. Onlar 25 yaşlı baş məşqçi Ekkapol Çantovonq ilə birlikdə "Pattaya Biç"ə istirahətə yollanmış, sonra da mağaralara baxmağa qərar vermişdilər.
Uşaqlar mağaraya girəndə leysan yağışlar başlayıb, suyun səviyyəsi qalxıb və bu səbəbdən mağaradakıların çölə çıxmaları imkansız olub.
Çianq Ray vilayətinin qubernatoru Naronsak Osatanakornun dediyinə görə, onların hamısı indi təhlükəsizlikdədir.
Hadisə yerində polislər, hərbçilər, peşəkar dayverlər və xilasedicilər var.
Uşaqlara 4 aylıq ərzaq, su və dərman preparatları verilib.
Xilasetmə işlərinə ABŞ Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı SEAL ("dəniz pişikləri") dəstəsinin üzvləri də cəlb olunub.
Problem suyun səviyyəsinin qalxması olduğundan uşaqlar oksigen maskası taxandan sonra bir müddət suyun altında üzməli, sonra çölə çıxmalıdırlar.
Dayverlər indi uşaqlara qısa müddətdə də olsa, suyun altında üzməyi öyrədirlər.
Uşaqların yanında iki həkim də var.
Alternativ xilas yolu kimi mağaranın tavanı dəlinir.
İyunun 23-də məşq yürüşü zamanı mağaraya daxil olan 12 uşaq və baş məşqçi orada qalıblar. Onlar mağaradakı "Patayya Biç" adlı zağaya gediblər. Bu zağanın yeri qum olduğu üçün "mağara çimərliyi" kimi tanınır.
Komanda itkin düşəndən sonra axtarışlar başlanmışdı. 10 gün davam edən axtarışlarda Tayland ordusunun 1203 hərbçisi, yüzlərlə xilasedici, müxtəlif ölkələrdən onlarla volontyor iştirak edirdi.
Taylandlı hərbçi dayverlərlə yanaşı, ABŞ-ın SEAL qrupunun üzvləri, britaniyalı dayver-speleoqlar Con Volanten və Rik Stenton da çalışırlar.
Avstraliya, Çin və Laos polislərinin su basmış mağaralarda insanların xilas edilməsi üzrə mütəxəssisləri də əməliyyata qatılıblar.
Hazırda mağaranın girişində hərbi-çöl hospitalı qurulub. Orada 13 təcili yardım maşını və təlxiyə helikopteri də var.
Milli.Az