Əlbəttə, ilk 2 qoldan sonra çox ağır oldu. Müdafiənin səhvindən sonra 3-cü qolu da buraxdıq. Geri dönüş etməyə cəhd etsək də, dördüncü topu da qapımızda gördük. Komandanı düzgün motivasiya edə bilməmişdik. Azarkeşlər üçün yaxşı nəticə göstərə bilmədik.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Uypeşt"ə 0:4 hesabı ilə məğlub olduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Qalib heyəti və taktikanı dəyişməzlər. Sizi taktikanı dəyişməyə nə vadar etdi?

- Bu, bir deyimdir, futbolda belə şeylər olur. Amma biz çox erkən iki top buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi.

- "Uypeşt"də sizi təəccübləndirən nə oldu?

- Əlbəttə, iki qol bizə çox təsir etdi. Yarımmüdafiə xətti gözlənilən səviyyədə oynamadı. Bəlkə də səhvim idi ki, komandanı yüksək toplarla oynatmadım.

- "Uypeşt"in 2 futbolçusu Bakıdakı görüşdə oynamamışdı. Bu gün onların meydanda olması oyuna təsirini göstərdi?

- Bunlar artıq keçmişdə qaldı. Yarımmüdafiə xəttində səhvlərə yol verdik. Qollar buraxdıqdan sonra vəziyyəti dəyişmək mümkün olmadı.

- Müdafiə xəttindəki Ruslan Abışov - Kirilo Petrov tandeminin çıxışından razı qaldınız?

- Yalnız müdafiəçilər haqqında danışmaq düzgün deyil. Komanda şəklində udur və ya uduzuruq.

- Emin Mahmudovun meydanda olmamasının səbəbi nə idi?

- Xüsusi səbəb yox idi. Taktiki seçim idi.

- İlk matçla müqayisədə meydanda pressinq etməməyinizin səbəbi nə idi?

- Bu, normal haldır. Bilirdik ki, rəqib bizi sıxacaq. Ona görə də müdafiədən oynayaraq, əks-hücumlara atılmaq üzərində düşünürdük. Təəssüf ki, bunu edə bilmədik. Halbuki hücumda kifayət qədər bacarıqlı oyunçularımız var idi.

Milli.Az