Xəbər verdiyimiz kimi, Tarif Şuarsının qərarı ilə ötən gün metro və avtobuslarda gediş haqqı artırıldı.

Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

“İctimai nəqliyyatda gediş haqqlarının artırılması gözlənilən məsələ idi”.

Bu sözləri Metbuat.az saytına açıqlamasında iqtisadçı Cəfər İbrahimli bildirib:

“Azərbaycanda kommunal xidmətlər göstərən dövlət şirkətləri uzun illərdir məhsulu əhaliyə maya dəyərindən aşağı satır və dövlət büdcəsindən dotasiya ilə yaşayırdılar. Qiymətlərin tənzimlənərək, bazar reallığına uyğun olaraq bu şirkətlərin işləmələri və öz fəaliyyətlərini qura bilmələri təmin olunmalıdır. Bunun Azərbaycan iqtisadiyyatına daha çox fayda verəcəyini düşünürəm. Qiymətin artırılaraq normal səviyyəyə gətirilməsi və şirkətlərin maliyyə durumunun yaxşılaşdırılması daha doğru bir qərardır. Qəbul edilən qərarın əhalinin cibinə mənfi təsir etməsi başqa bir məsələdir. Bu, qısamüddətli bir dönəm üçün belədir. Lakin uzun müddət əhali doğru idarəetmə, maliyyə sistemi ilə yaşamağa məcburdur”.

İqtisadçı dizelin qiymətinin bahalaşacağı ilə bağlı yayılan xəbərlərə də açıqlama verib:

“Dizelin qiymətinin ötən il qaldırılmamasının çox doğru qərar olduğunun qənaətindəyəm. Çünki dizel daşımaçılıq daha çox kənd təsərrüfatı və sənayedə istifadə olunur. Bu mənada, dizel yanacağının qiymətinin qaldırılmaması çox doğru qərar idi. Bu, sahələrin stimullaşdırılması üçün dəstək oldu. Açığı, kənd təsərrüfatındakı mövcud vəziyyəti nəzərə alaraq, bu il üçün də dizelin qiymətində dəyişiklik olacağını gözləmirəm”.

Qeyd edək ki, yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda biznes mərkəzində YANĞIN - SON DƏQİQƏ!/ FOTOLAR – Tıklayın!