Xəyalə Məmmədova

Köşə yazarı

16:49 15 Yanvar 2018 5264
A- A+

Həyatımda bitməyən 5 saat...

Uşaqkən anam hər həftə müalicə üçün Bakıya gələndə, onunla birlikdə gələrdim.

Şəhərə gəldiyimi düşünmək məni həvəsləndirərdi. Həmin gün axşamdan səhər geyinəcəyim paltarları bir kənara qoyar, dəqiqələrcə onlara baxıb xəyallar qurardım. Bulvarda gəzmək, popkorn, dönər yemək... Menyum uşaqlıqdan geniş olub. Nə isə ...

Gecə bunları düşünməkdən gözümə yuxu getməzdi. O xəyallar arasında yuxuya gedərdim. Sübh tezdən, saat 4-5 arası anamın səsinə oyanardım. “Tez ol oyan, gecikəcəyik”. Yarıyuxulu oyanıb dünəndən hazırladığım paltarları geyinib, saçımı hörər, anamla birlikdə yola düzələrdik. Həmin saatlarda hava qaranlıq olardı. Küçədə Bakıya getmək üçün evindən çıxan bir iki adam və itlərdən başqa heç kim olmazdı. Qaranlıqda tez-tez yeriyib avtobusa minərdik. Uşaq olduğum üçün anamın qucağında oturardım. Avtobus bir-iki dəfə rayonda dövrə vurub adam topladıqdan sonra yola düzələrdi. Yolda da yuxu tutmazdı. Səhərin açılmasını izlər, yol kənarı dəniz mənzərəsinə baxardım.

Səhərin ilk işıqlarında paytaxta çatardıq. Başqa bir avtobusa minib xəstəxanaya gələrdik. Xəstəxanaya girməzdən öncə yolun qarşısında yerləşən kiçik marketə daxil olar, yemək üçün nə isə alardıq. O, özünə ayrı, mənə ayrı alardı. Çünki məni xəstəxanaya buraxamadıqlarından gözləmə zalında onu gözləyərdim. Marketdən sevdiyim şeyləri – meyvə suyu, “Jelibon”, simit və “Snikers” seçib, gələrdik. Sonra anam məni gözləmə zalında qoyar, gələnə kimi heç bir yerə getməməyimi tapşırardı. Belə, bitməyən 5 saat başlayardı...

İlk saatlar gözləmək yormazdı. Aldığımız şeyləri yeyər, hərdən də akvariumdakı balıqlara baxardım. Amma saatlar keçdikcə hər şey sanki rəngini itirməyə başlayardı. Fikrimi dağıtmaq üçün durub gözləmə zalını gəzər, bir-bir insanlara baxar, hərdən vaxtı soruşanlara saatın neçə olduğunu deyərdim. O müddət ərzində yatmağa belə cəhd edərdim. 4 saatın tamamında gözümü qapıya dikər, hər dəfə qapı açılanda “Anam gəldi” - deyə mütləq çevrilib qapıya baxardım.

Çox vaxt 5 saatın tamamından sonra gələrdi. Gələndə onun necə olmağından çox nə vaxt gəzməyə gedəcəyimiz məni düşündürərdi. Onun sullarını cavablandırdıqdan sonra yola düzələrdik. Rayona gedən avtobusa minməzdən öncə Dənizkənarı Milli Parka gələrdik. Dönər satan əmidən iki dənə dönər alar, sonra isə gəzərdik. Çox vaxt anam xəstəxanadan çıxanda özünü yaxşı hiss etmədiyi üçün mənimlə gəzə bilməzdi. Skamyada oturub, mənim gəzməyimi izləyərdi. Özüm üçün gəzib əyləndikdən sonra geri dönər, birlikdə yola düzələrdik.

Yolda anamın yarım qalan dönərini də yeyər, belə evə gəlib çatardıq. Ayda azı 3-4 dəfə onunla birlikdə şəhərə gələrdim. Xatırlayıram, bir dəfə anamın halı çox pis olduğundan məni gəzməyə aparmamışdı. Həmin gün dönər yeyib gəzmədiyim üçün anama küsmüşdüm. Yolda qucağında oturub onu danışdırmamışdım...

Uşaqkən bizi xoşbəxt edən şeyin sadəcə valideyn qayğısı olduğunu insan illər sonra anlayır. Həyatımızda boşluq yaranan zaman reallıq şillə kimi üzümüzə dəyir...

P.S. Bir gün Bəxtiyar müəllim demişdi ki, köşə yazarkən heç vaxt yazdığın sözləri pozma. Qəlbindən gəldiyi kimi yaz. Bax, o zaman oxucu da səmimiyyətini anlayar. Üzr istəyirəm, Bəxtiyar müəllim. Bu dəfə də sözümə əməl edə bilmədim ...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI