Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Hikmət Hacıyev Helsinki Yekun Aktının qəbul edilməsinin
43-cü ildönümü ilə əlaqədar açıqlama yayıb.
Publika.az-a daxil olan açıqlamada XİN sözçüsü Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində 1 avqust
1975-ci ildə Helsinki Yekun Aktının qəbul edildiyini
xatırladıb.
“Helsinki Yekun Aktı xüsusilə dövlətlərarası münasibətləri
tənzimləyən, Avropada sülh və təhlükəsizliyin qorunmasına xidmət
edən 10 fundamental prinsipi (Decalogue) müəyyən edib. 1992-ci ilin
yanvarında Azərbaycan Respublikası ATƏM-in üzvü olub və Azərbaycan
Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə tam
sadiqdir. Təsisatlanma prosesinin tərkib hissəsi olaraq ATƏM
1994-cü il dövlət və hökumət başçılarının Budapeşt Sammitinin
qərarı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
adlandırılıb. Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə
edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması
prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin
qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT
Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü
prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi
kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında
ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl
prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi
isə öz müqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi,
beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə
uyğun şəkildə ifadə edilməsini təsbit edib”, - deyə XİN sözçüsü
qeyd edib.
H. Hacıyev bildirib ki, ATƏT üzv dövləti olaraq Ermənistan
Respublikası Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü
öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə
Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal
edib: “İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı
qanlı etnik təmizləmə törədib. Ermənistan qoşunlarının Azərbaycanın
işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycana qarşı gücdən
istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin
davamıdır. Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o
cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə
qarşı güc tətbiq etmə və ya güclə hədələmə, işğal olunmuş
ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından
qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır
etmək məqsədilə Helsinki Yekun Aktında təsbit olunan xalqların
bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə prinsiplərini
hər vəchlə təhrif edir. Helsinki Prinsiplərinin və ATƏT-in digər
öhdəliklərinin Ermənistan tərəfindən pozulması, bu prinsiplərin
tətbiqində seçimli yanaşma və ikili standartlara yol verilməsi
Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin
uzanmasına və nəticə etibarilə, gərginlik riskinin saxlanmasına
səbəb olur. 1995-ci ilə aid müvafiq ATƏT sənədində qeyd olunduğu
kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını da
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bərabər
Helsinki Yekun Aktı təşkil edir. Helsinki Yekun Aktının 43-cü
ildönümü münasibətilə bütün ATƏT üzv dövlətlərini Ermənistandan
Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə əməl
etməsi, Azərbaycana qarşı gücdən istifadəyə son qoyması və öz
qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını
qəti və birmənalı şəkildə tələb etməyə israrla çağırırıq”.
H. Hacıyev əlavə edib ki, Helsinki Yekun Aktında təsbit olunmuş
prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin
edəcəkdir.
Asif