Yaponiya hökuməti Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı yay vaxtına keçmək barədə imkanları araşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Oyunlar zamanı yay vaxtının iki saat irəli çəkilməsi nəzərdə tutulur. Hakimiyyət orqanları bununla Tokiodakı istilərin açıq havada çıxış edəcək idmançılar üçün yarada biləcəyi ciddi problemlərin qarşısını almağa çalışır.

Məlumatda qeyd edilir ki, bu barədə hələlik yekun qərar qəbul edilməyib. Belə ki, hakim Liberal Demokratik Partiyanın və hökumətin bəzi üzvləri bunun iqtisadi və sosial baxımdan problemlər yarada biləcəyini söyləyirlər.

Xatırladaq ki, Yaponiya 60 il bundan əvvəl yay vaxtına keçiddən imtina edib. Lakin cari ildə paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın bütün ərazisində anomal istilər qeydə alınıb. May ayından başlayaraq bütün ölkə ərazisində 70 mindən çox insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlarla həlak olan var.

Milli.Az