Bu işğalçılıq siyasəti regionun iqtisadi və geosiyasi bütövlüyünü pozub

Ermənistan regionda işğalçı dövlətdir və bu işğalçılıq siyasəti regionun iqtisadi və geosiyasi bütövlüyünü pozub.

Metbuat.az trend.az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, məhz buna görə Cənubi Qafqaz ölkələri istər beynəlxalq münasibətlər sistemində, istərsə də geostrateji mənafelər baxımından mövcud reallıqlarda tam miqyasda uzlaşdırılmış siyasət həyata keçirərək bütövlükdə regionun ümumi maraqlarını qorumaqda çətinlik çəkirlər:

"Bu azmış kimi, Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir və üstəlik, növbəti işğalçılıq siyasəti üçün də ideoloji və hərbi-siyasi əsaslar yaratmağa çalışır. Belə ki, hələ hakimiyyətdə olduğu zaman Ermənistanın eks-prezidenti Serj Sarkisyan demişdi ki, biz "böyük Ermənistan" yaratmaq yolunda ilkin addımı atdıq - Qarabağı işğal etdik, bundan sonrakı hədəfləri isə gələcək nəsillərə buraxırıq. Gələcək nəsillərə buraxılan hədəflər isə əslində regionda Ermənistanla qonşu olan 3 ölkənin ərazilərini ələ keçirməkdir. Bu ölkələrdən biri uzun illərdir işğala məruz qalan Azərbaycandır. İkincisi Gürcüstandır ki, Ermənistan bu dövlətin Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürür. Üçüncüsü, Türkiyədir, bu ölkənin Ərdahan, Ərzurum, Qars, Diyarbəkir və Van vilayətlərinə ərazi iddiası irəli sürülür. Hətta Ermənistan tərəfindən Urmiya daxil olmaqla İranın geniş bir bölgəsinə də ərazi iddiaları irəli sürülür".

Deputat vurğulayıb ki, əlbəttə, belə bir şəraitdə hazırkı gerçəkliklər və tarixi həqiqətlərdən çıxış edən qonşu ölkələr Ermənistanın bu səpkili ideoloji təxribatına və işğalçılıq siyasətinə qarşı birgə mübarizə aparmalıdır:

"Təsadüfi deyil ki, Yerevanın mərkəzində "Respublika meydanı" metro stansiyasında yerləşdirilmiş "böyük Ermənistanın" qondarma "xəritə"sinin şəklini amerikalı analitik Coşua Kuçera çəkərək "Tvitter"ə qoyub. Şəkildə Azərbaycana açıq ərazi iddiası ilə bərabər Türkiyə, İran və Gürcüstana da ərazi iddiaları irəli sürülür. Bu vasitə ilə işğalçılıq siyasətinin istiqamətlərini göstərən təbliğat şəkilləri və plakatları nümayiş etdirilərək gənc nəslin beyninə bu ideologiya yeridilir. Onların zehninə həkk edilir ki, gələcəkdə bu işğalçılıq siyasətini davam etdirsinlər. Ona görə də əgər biz gələcəkdə regionda müharibə, savaş istəmiriksə, gələcəkdə regionun bütün çıxarlarını və mənafelərini qorumaq istəyiriksə, bu işğalçılıq siyasəti təbliğatının qarşısını indidən almalıyıq. Bunun ən yaxşı yolu isə Ermənistanın ərazi iddiası qaldırdığı hər dörd ölkənin - Azərbaycan, Gürcüstan, İran və Türkiyənin bu siyasətə qarşı birgə mübarizə aparmasıdır. Ən nəhayət, bununla bağlı "hücum diplomatiyası" həyata keçirərək, bu işğalçılığa əsas yaradan ideoloji təbliğat vasitələrinin Ermənistanın öz içərisindəcə boğulmasına nail olmaq lazımdır".

H.Babaoğlunun fikrincə, bunun üçün geniş informasiya kampaniyası aparmaq lazımdır: "Çünki işğalçı dövlət regiondakı başqa dövlətlərə qarşı bundan sonra da işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Ona görə də bu kontekstdə Ermənistanın bu işğalçılıq siyasətini ifşa etmək üçün 4 ölkə regional və beynəlxalq təşkilatları dəvət etməklə, onların nümayəndələrinin iştirakı ilə birgə beynəlxalq konfranslar təşkil edə bilər. Nəhayət, Ermənistanda "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün şovinist düşüncəli gənclər yetişdirilməsinin qarşısının alınması, Ermənistanın bu işğalçılıq siyasətindən çəkindirilməsi üçün bu istiqamətdə tədbirlər həyata keçirilməli, mütəmadi olaraq informasiya və ideoloji müharibə üsulları və digər vasitələrlə bu siyasət ifşa edilməlidir. Əks təqdirdə, Ermənistanın bu işğalçılıq siyasəti davam etdikcə regionun birgə maraqlarının qorunması və ortaq mənafelərinin təmin edilməsi mümkün olmayacaq".

Pensiyaçılara bayram müjdəsi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR