Berlin, 23 aprel, AZƏRTAC
“Behörden Spiegel” qəzeti Berlin Azad Universitetinin dosenti, politoloq Matias Dornfeldin “ASAN mərkəzləri: Azərbaycanda yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə” adlı məqaləsini dərc edib.
Məqalənin müəllifi Azərbaycanın idarəetmə sahəsindəki apardığı modernləşmə siyasətini yüksək qiymətləndirib və burada “ASAN” xidmətinin rolunu xüsusilə vurğulayır.
Yazıda qeyd edilir ki, “ASAN” mərkəzləri 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. “ASAN” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşlara bürokratik maneələri aşaraq mümkün qədər tez bir zamanda və sərfəli şərtlərlə ictimai xidmətlər göstərməkdən ibarətdir. Bu da öz növbəsində şəffaflığın və ictimai sektorda korrupsiyaya qarşı mübarizənin təmin olunmasında böyük rol oynayır. Müəllif qeyd edir ki, on nazirlik və dövlət komitəsinin ictimai xidmətlərini özündə birləşdirən “ASAN” mərkəzlərinin xidmətlərindən indiyədək dörd milyondan çox vətəndaş yararlanıb.
Azərbaycanın uğur modeli olan “ASAN” xidmət mərkəzlərinin sayı artırılmaqdadır. Bundan əlavə regionlara müasir texnika ilə təchiz olunmuş “ASAN” avtobusları da göndərilir.
Məqalədə həmçinin “ASAN” xidmət mərkəzlərinin yüksək səviyyəli və müasir informasiya texnologiyaları ilə təmin olunduğu vurğulanıb. Müasir rəqəmsal infrastruktur fiziki şəxslər və sahibkarların vaxta böyük qənaət etməsinə səbəb olur və bütövlükdə xoşagələn atmosfer yaradır. Müəllif bildirir ki, ictimai xidmətlər sektorunun rəqəmsallaşması və müasirləşməsi Azərbaycan hökumətinin elan olunmuş siyasi iradəsinin göstəricisidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin