Avrostat agentliyi ötən il üçün Avropada istehlak mallarının və xidmətlərin qiymətləri səviyyəsinin müqayisəli icmalını tərtib edib. Agentlik ölkələr üzrə orta göstəriciləri müəyyən etməklə bərabər, qiymətləri kateqoriyalara bölüb. Bu, əhalinin maliyyə durumu barədə daha tam təsəvvür əldə etməyə imkan verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçən il Macarıstanda qiymətlərin səviyyəsi Aİ üzrə orta qiymətlərdən təxminən 42 faiz aşağı və 14 il bundan əvvəlki ilə müqayisədə aşağı olub. Lakin əmtəə və xidmətlərin müxtəlif qrupları arasında qiymətlərin səviyyəsində xeyli fərq var.

Aİ üzrə orta qiymət göstəricisini 100 faiz qəbul etməklə aparılan statistikaya görə, 2017-ci ildə qiymətlərin ən yüksək səviyyəsi Danimarka və Lüksemburqda qeydə alınıb (Aİ üzrə orta qiymətlərdən 41 faiz yüksək). Sonrakı yerləri İsveç (Aİ üzrə orta qiymətlərdən 35 faiz yüksək), İrlandiya (28 faiz yüksək), Finlandiya (23 faiz yüksək) və Birləşmiş Krallıq (17 faiz yüksək) tutur.

Qiymətlərin ən aşağı səviyyəsi Bolqarıstanda (Aİ üzrə orta qiymətlərdən 56 faiz aşağı), Rumıniya (52 faiz aşağı), Polşa (47 faiz aşağı), Macarıstan (42 faiz aşağı) və Litvada (40 faiz aşağı) qeydə alınıb.

Bu göstəricilərin daha ətraflı təhlili nəticəsində məlum olub ki, 2017-ci ildə Aİ məkanında "restoranlar və mehmanxanalar" sektorunda ən bahalı dövlət Danimarka olub (Aİ üzrə orta qiymətlərdən 51 faiz yüksək). Bu ölkədə "qida məhsulları" sektorunda qiymətlər Aİ üzrə orta qiymətlərdən 50 faiz, "istirahət və mədəniyyət" sektorunda 48 faiz, "nəqliyyat" sektorunda 28 faiz və "məişət texnikası sektorunda 20 faiz çox olub.

Keçən il Aİ məkanında "alkoqollu içkilər və tütün" sektorunda ən bahalı dövlət İrlandiya (Aİ üzrə orta qiymətlərdən 74 faiz yüksək); "mənzil, su, elektrik və qaz" sektorunda Lüksemburq (63 faiz yüksək); "kommunikasiyalar" sektorunda Yunanıstan (54 faiz); "paltar və ayaqqabı" sektorunda İsveç (34 faiz yüksək) olub.

Macarıstanda ən yüksək qiymətlər "kommunikasiyalar" sektorunda qeydə alınıb (Aİ üzrə orta göstəricidən 89,9 faiz yüksək). "Paltar və ayaqqabı" sektorunda bu fərq 86,9 faiz, "qida məhsulları və alkoqolsuz içkilər" sektorunda 82,1 faizdir. Lakin bu ölkədə mənzil xərcləri Aİ üzrə orta göstəricinin cəmi 41,9 faizinə bərabər olub.

Milli.Az