Bakı Musiqi Akademiyası və Norveçin Edvard Qriq Akademiyasının birgə layihəsi çərçivəsində növbəti konsert

18:38 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə Norveçin Bergen Universitetinin Edvard Qriq Akademiyasının “Avrasiya kamera orkestri” adlı birgə layihəsi çərçivəsində hər iki akademiyanın gənc ifaçılarından ibarət kamera orkestri yaradılıb.
AZƏRTAC xəbər verir ki, aprelin 12-dən 18-dək BMA-nın tələbələri layihə çərçivəsində Bergen Universitetinin Edvard Qriq Akademiyasında olublar. Onlar bu akademiyanın 11 tələbəsi ilə birgə Qara Qarayevin, İqor Stravinskinin, Norveç bəstəkarlarının əsərlərindən ibarət konsert təqdim ediblər, habelə tələbələrin bəstələrini səsləndiriblər.
Aprelin 23-də BMA-nın böyük zalında həmin proqram üzrə birgə konsert olub. Akademiyanın prorektoru, xalq artisti, professor Yeganə Axundovanın sözlərinə görə, bu konsert BMA-nın 2008-ci ildən sıx əməkdaşlıq etdiyi Bergen Universiteti ilə növbəti uğurlu layihəsidir. O deyib: “Bizim bir neçə layihəmiz olub. Bu əməkdaşlıq çərçivəsində müəllim və tələbə mübadiləsi aparılır. Tələbələrimiz Bergen Universitetində bakalavr və magistr dərəcələrində təhsil alırlar. Bu gün Arif Məlikovun tələbəsi Vüsalə Namazlının “Haray” əsərinin də təqdimatı olacaq”.
Orkestrin nəfəsli alətlərində Norveçin, simli alətlərində BMA-nın tələbələri ifa edirlər, dirijor Rikardo Odriozoladır.
Konsertdən əvvəl Rikardo Odriozola şəxsən tanıdığı məşhur Norveç bəstəkarı Harald Severud haqqında danışaraq, onun öz yaradıcılığında folklordan istifadə etdiyini diqqətə çatdırıb. Sonda Rikardo Odriozola Harald Severudun əsərlərinin Bakıda səslənməsindən çox məmnun olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Musiqi_Akademiyasi_ve_Norvechin_Edvard_Qriq_Akademiyasinin_birge_layihesi_cherchivesinde_novbeti_konsert-849190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR