Bir neçə gün əvvəl Azərbaycan orbitə sayca üçüncü olan ikinci telekommunikasiya peykini buraxdı. Peykin orbitə buraxılışı Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən reallaşdırılıb. Peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
Dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
“Azərpace-2”nin orbitə buraxılmasının ölkəmizə gətirəcəyi imkanlar barədə Publika.az-ın suallarını “Azərkosmos”ASC-nin mətbuat xidmətindən belə cavablandırılıb.
- “Azerspace 2”nin orbitə buraxılmasının Azərbaycanda kosmik sənayenin inkişafı, bu sahədə kadr hazırlığında rolu nədən ibarət olacaq?
- Kosmik sənaye miqyasında qısa bir müddətdə – 8 il ərzində Azərbaycanın 3 peyk layihəsi həyata keçirilib. “Azerspace-2” peyki “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.
Hazırda bütün peyklər Azərbaycan ərazisindən tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. Onların əksəriyyəti gənclərdən ibarətdir. Peyk layihələri yüksək texnologiyaların ölkəyə transferi, eləcə də kosmik proqramların idarə edilməsi, kosmik layihələrin müstəqil həyata keçirilməsi üzrə peşəkar bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə xidmət edir.
Ötən illər ərzində peyk xidmətləri sahəsində Azərbaycanın qazandığı təcrübə və bu sahədə formalaşmış insan kapitalı imkan verir ki, kosmik sənaye quruculuğu yolunda daha irəli addımlar atılsın. Belə ki, artıq “Azərkosmos”da aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması, kosmik sənayənin ölkədə inkişafının dəstəklənməsi və səmərəli kommersiya həllərinin yaradılması məqsədilə Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb.
Bu il "Azərkosmos" ASC Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə “CanSat Azərbaycan 2018” müsabiqəsini təşkil edib. Müsabiqə Azərbaycanda tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsi məqsədilə həyata keçirilir.
- Peyklərin informasiya təhlükəsizliyi baxımından əhəmiyyəti nədən ibarətdir?
- Dünyanın 1/3-ni əhatə edən “Azerspace-1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir. Bu peyk telekommunikasiya sahəsində Azərbaycanın digər ölkələrdən asılılığının aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Belə ki, Azərbaycan televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırmış olur.
Bu gün ölkəmizin “Azersky” peyki sayəsində nəinki daha əvvəl çıxışı olmadığı ərazilərin, həmçinin dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz, gündəlik çıxış imkanı vardır.
- Peyklərin orbitə buraxılması Azərbaycanın kosmik sənaye sahəsində beynəlxalq əlaqələrin qurulmasında hansı rolu oynayır?
- Kosmik sahə beynəlxalq əməkdaşlıq üçün çox möhkəm zəmindir. Belə ki, “Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıqlar qururuq ki, bu da öz növbəsində ölkəmizin beynəlxalq ictimaiyyət qarşısında intelektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
“Azərkosmos” artıq qabaqcıl kosmik ölkələrin – Avropa Kosmik Agentliyi (ESA), Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO), Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES) kimi dövlət agentlikləri ilə kosmik sənayedə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparır.
- Kosmik sənayedə əldə edilən uğurlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına necə təsir edir?
- Son illər ərzində Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılması fonunda prioritet istiqamətlərdən hesab olunan kosmik sənaye davamlı inkişaf yolundadır.
İlk telekommunikasiya peykinin orbitə buraxılmasından ötən beş il ərzində Azərbaycanda “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” – Yer səthinin məsafədən müşahidəsi və “Azerspace-2” – telekommunikasiya peykləri, habelə peyk idarəetməsi üzrə yerüstü sistemlərin inkişafı istiqamətində digər müasir kosmik layihələr də həyata keçirilməyə başlanılıb. “Azərkosmos” tərəfindən həyata keçirilən bu layihələr ölkənin informasiya və milli təhlükəsizliyinə, peyk xidmətlərin ixracı ilə ölkəyə valyuta gətirilməsinə, kosmik sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə və elmi tədqiqatların dəstəklənməsinə, ümumilikdə ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət etmiş və milli iqtisadiyyata birbaşa və dolayı faydalar verməkdədir.