​Şərq və Qərb təfəkkürü

Şərq və Qərb təfəkkürü.

Geridə qalan böyük zaman kəsiyinə baxıldıqda, fəlsəfi fikrin ağırlıq mərkəzi əvvəl Şərqdə: Qədim Şumer, Çin və Hindistanda, sonra o dövr üçün Şərq və Qərbin sintezi olan Yunanıstanda ,qədim Elladada ,daha sonra isə müsəlman Şərqində qərarlaşmış və ancaq Renessans dövründə Qərbi Avropaya köçmüşdür. Sonuncular bu günə qədər də estafeti əldən vermirlər.

Yeni dövr Qərb fəlsəfi fikrinin formalaşmasında, Orta Əsr İslam mədəniyyətinin və dini -fəlsəfi fikrinin rolu böyük olsa da ,bütövlükdə bu svilizasiyanı bir sintez kimi təqdim etmək əsassız olardı. Çünki, Avropa renessansında şərq əsasən vasitəçi rol oynamış, antik mədəniyyətin və qədim yunan fəlsəfəsinin, avropalılar tərəfindən yenidən mənimsənilməsində iştirakçı olmuşdur.

Bundan sonra Qərb məhz yeni, fərqli bir istiqamət olaraq formalaşmışdır. Sizi yormadan bir başa Qərb və Şərq dünyagörüşünün, təfəkkürünün ən başlıca cəhətlərini göstərməyə çalışacam. Qərb intelekt qanadlarında çox uzaqlara uçmuş ,həyatın təməl prinsiplərindən ,fəlsəfi bazisdən ayrı düşmüşdür. Əvvəla, Şərq ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür.

Belə ki, Şərq düşüncəsində məqsəd insanın kamilləşməsi, qərb düşüncəsində isə, cəmiyyətin təkmilləşməsi dayanır. Şərq dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən, mənəvi -əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə etmiş olduğu intelektual və texnoloji ugurlar yada düşür. Şərq təfəkküründə, hissi -estetik və metaforik məqam ön plana çıxır. Şərq bütövlüyü, Qərb isə hadisələri parçalamagı tələb edir. Şərq illüziyanı, Qərb konkret elmi metodları ön plana çəkir. Çox tədqiqatçıların fikrinə görə "Elm -Qərbin yeni dinidir".

Qərbin bax bu sonrakı ugurları, təməlində dünyanın məhz hissə -hissə ,konkret hissi təcrübə aktları sayəsində öyrənilməsi dayanır. Bu əslində dünyanın elmi təhlilidir. Lakin Şərq dünyanın bədi -estetik mənzərəsindən çıxış edir. Hissədən yox, bütövdən başlayır. Sonlu olanlar sonsuzluğun, əbədiyyətin bir anı kimi götürülür. Şərqdə rasional idrak birbaşa bütövlüyün, əql Allahın dərkinə yönəlir. Şərqin emosiya dolu hərarəti qaynar zəkaya, qəlbin döyüntüsünə, şövq və ehtirasa söykənir. Sanki əql ,məhəbbət ,inam konteksində çıxış edir.

Ona görə də, bütün dinlər "şərq" lidir, deyə bilərik. İnsanın öz "məni" ni saflaşdırmaq və "ilahi mənə" qovuşmaq fərdi olduğundan, ictimai təşkilatlanmada Şərq axsayır. Ona görə bu fərdi "yaşam" insanı fikir tənbəlliyinə sürükləyir. İctimai faydalılıq geridə qalır və bu mənada iqtisadiyyat tənəzzülə uğrayır. Sanki, ictimai zərurət ümumi həqiqəti anlamaqdan ibarətdir və kiməsə kor koranə inanmaq zərurətini ortaya qoyur. Amma, bəzən Qərb intelektual yüksəliş yürüyüşündə, bəzi mənəvi sədləri dağıtdı. Müasir Qərb cəmiyyəti, məhz ictimai tərəqqinin hesabına, bu dərəcədə inkişaf edə bilmişdir. Şərq dünyası isə ayrı -ayrı şəxslərin tərəqqisi, insanların mənəvi kamilləşməsi yoluna üstünlük verməklə, ictimai tərəqqinin optimal düsturunu tapa bilməmiş və heç vaxt tapmaq istəməmişdir.

Qoca Şərq islamın dediyi kimi qəlbi ilə düşündüyünə görə, hissiyatı önə çıxarmış və ürək xəstəliyinə tutulmuşdur. Qərb isə başla düşünmüş və xarüqələr yaratmaqdadır. Ancaq intelektual davranan insan, ən çox hissləri ilə daha çox xoşbəxtlik tapır. Bu mənada insanın daimi texnika ilə işləməsi, sanki onun özgələşməsi problemini ortaya qoyur. Ona görə də, Asif Ata deyirdi ki: "Qərbin göyü yoxdur ,Şərqin yeri".

Sistematik fəlsəfə mütəxəssisi Ramin Musayev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR