ABŞ prezidentinin “Amerika qırğısı” kimi tanınan milli
təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Rusiya və
Cənubi Qafqaz ölkələrinə turneyə çıxır. Məlumata görə, Bolton
əvvəlcə Rusiyaya səfər edəcək, Gürcüstan və Ermənistana gedəcək,
oktyabrın 24-də isə Azərbaycana gələcək. Boltonun Rusiya və Qafqaz
turnesinə çıxdığı haqqında Tvitter səhifəsində məlumat verərkən
Çini tənqid etməsi, eləcə də ABŞ-ın İrana qarşı sanksiyalarını heçə
saymaq istəyənlərə təhdid mesajı göndərməsi diqqət çəkdi. Bu
təhdidlər “Amerika qırğısı”nın İran sərhədlərinə səfəri öncəsində
xəbərdarlıq kimi səslənir. Nəzərə alsaq ki, Bolton Tramp
Administrasiyasında İranla nüvə proqramının dayandırılmasının ən
qızğın tərəfdarlarındandır, o zaman, onun Cənubi Qafqaza sərt
ritorika ilə gələcəyi aydın olur.
Publika.az xəbər verir ki, “Rosbalt” agentliyi Boltonun
səfərini “Amerika qırğısı müharibə ərazisinə uçur” başlığı ilə şərh
edib.
Agentlik yazır ki, Boltonun Rusiyanı istədiyindən döndərməyə nail
olması çətin görünsə də, onun Tbilisidə, İrəvanda və Bakıda
tələblər səsləndirəcəyi gözlənilir: “Hazırda ABŞ sanksiyaları
Cənubi Qafqaz ölkələrinin İranla loyal münasibətlərinə mane olmur.
Lakin Vaşinqtonun bu vəziyyətə sona kimi dözməyəcəyi də məlumdur.
Artıq ABŞ-ın Ermənistandakı səfiri İrəvana İranla biznes əlaqəsi
qurarkən, səfirliklə məsləhətləşməni tövsiyə edərək ilk mesajı
verdi. Amma görünür, ermənilər hələ ki bu tövsiyələrə qulaq asmaq
istəmirlər. Ona görə də Boltonun “İrana qarşı ABŞ sanksiyalarına
məhəl qoymayan ölkələr Amerika sanksiyalarının onlara toxunmayacağı
haqqında illüziyalara qapılmamalıdır”, deməsi təsadüfi deyil.
Ermənistanla İranı ciddi ticarət-sahibkar münasibətləri bağlayır.
Bu iki ölkənin münasibətlərini necə pozmaq mümkündür? Digər
tərəfdən, İrəvan Dağlıq Qarabağ məsələsində həmişə Tehrana bel
bağlayıb. Bununla yanaşı, Azərbaycanla İranın münasibətlərini
pozmaq mümkün olacaqmı? Çünki iki ölkə arasındakı münasibətlər
hətta geosiyasi kontekstdə də nəhayət sabit və işgüzar xarakter
səviyyəsinə qalxıb. Üstəlik Azərbaycan, İran və Rusiya birlikdə
beynəlxalq nəqliyyat dəhlizlərini həyata keçirir. Gürcüstan İranla
daha az zəncirlə bağlıdır. Gürcüstan NATO qoşunlarının ölkəyə daxil
olmasına icazə verib. Lakin ABŞ Qara dənizdə donanmasını
gücləndirmək üçün Gürcüstanla əməkdaşlıq etmək istəsə, Tbilisi
İranla gələcək müharibəyə hazırdırmı? İstisna deyil ki, Bolton
istəyini qəbul etdirmək üçün Bakı və Tbilisi qarşısında Türkiyə ilə
münasibətlər məsələsini qaldıracaq. Xüusilə bu iki ölkənin Ankara
ilə energetikadan tutmuş ticarətin müxtəlif sferalarında
əməkdaşlığı, eləcə də strateji və ittifaq münasibətləri var. Bu iki
ölkəni dayandırmağın yeganə yolu Cənubi Qafqazın bütün sferalarını
praktiki olaraq iflasa uğratmaqdır. Ermənistan Bakı və Tbilisinin
Ankaradan uzaqlaşdırılmasından həzz ala bilər, lakin Bolton İrəvanı
Rusiya ilə birlikdə Suriyadakı humanitar missiyada iştirakdan
imtina etməyə məcbur edəcək. Bu isə son dövrlər Ermənistanın
mövqeyindən narazı olan Moskvanın qəzəblənməsi ilə
nəticələnəcək”.
“Rosbalt” qeyd edir ki, Bolton Türkiyə və Suriyada Vaşinqtonun
mövqelərinin zəifləməsi şəraitində Cənubi Qafqaz ölkələrini Rusiya
ilə böyük geosiyasi oyuna daxil etməyə çalışacaq.
“Bu planda ABŞ üçün “perspektivli” ölkə Ermənistan ola bilər. Çünki
regionda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya
İqtisadi İttifaqının yeganə üzvü Ermənistandır. Lakin ən mürəkkəb
vəziyyət Azərbaycanla olacaq, çünki bu ölkə istənilən beynəlxalq
meydançada öz milli maraqları kontekstindən çıxış edir. Bakının
KTMT və Avrasiya İttifaqı ilə işləməyə başlayacağı haqqında
məlumatlar yayılır, halbuki, Vaşinqton heç vaxt bunu istəməz.
İndiyə qədər Azərbaycanı Rusiya və İrana qarşı müharibə
meydançasına çevirmək planları baş tutmadı. Ola bilər ki,
amerikalılar hələ də Qazaxıstanın yüklərin Əfqanıstana tranziti
üçün Xəzərdəki limanlarını “humanitar” məqsədlə onlara verməsinə
ümid edir, hansı ki, bu, Azərbaycanın da qapısını onlar üçün
açacaq”, - deyə məqalədə bildirilir.
Agentlik Boltonun özünü ən çox Gürcüstanda rahat hiss edəcəyini
yazır: “İki ölkə arasında münasibətlər suallar yaratmır.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirdi ki,
Boltonun səfəri iki ölkə arasında müdafiə, təhlükəsizlik,
iqtisadiyyat kimi müxtəlif sferalarda strateji əməkdaşlığını
gücləndirəcək. Onun fikrincə, Boltonun səfəri Gürcüstan və Cənubi
Qafqazın təhlükəsizliyi məsələsinin ABŞ-ın gündəliyindəki əsas
məsələ olduğunu təsdiq edir. Doğrudur, Boltonun özü də bu haqda
yazıb. Lakin burada Rusiya amilini, eləcə də Gürcüstanın Azərbaycan
və Türkiyənin mərhəməti olmadan yaşaya bilməməsi faktoru
unudulmamalıdır. Bakı və Ankaranın Rusiyanın maraqlarına ziddi
hərəkət etməyəcəyi məlumdur. Bu baxımdan, Boltonun səfəri fonunda
regiondakı siyasi yumaq getdikcə daha da dolaşır. Lakin Boltonun
Rusiyaya səfəri də kənar qoyulmamalıdır. O, ABŞ və Rusiya arasında
dialoqun davamına ümid etdiyini bildirdi. ABŞ-da Rusiyanın
seçkilərə müdaxiləsi məsələsi qapadılmış kimi görünür. Ehtimal
etmək olar ki, Bolton Tramp və Putinin yeni görüşünün hazırlığı və
cari məsələlərin müzakirəsi üçün Moskvaya gedir. Hansı ki, Suriya,
İran, Türkiyə olmadan Cənubi Qafqaza giriş, Ukraynada silah
ticarəti üzərində Rusiya-ABŞ razılaşması və s. məsələlər
prezidentlərin görüşünün nəticəsindən asılıdır. Lakin yenə də
Suriya əsas müzakirə predmetidir”.
“Rosbalt” yazır ki, ABŞ-ın özü üçün “müharibə ərazisi”ni
daraltmağa, ya da müharibənin istiqamətini qismən dəyişdirməyə
çalışdığı görünür.
“Boltonun sürətli şərq turnesi bu kontekstdə diqqət çəkir.
Moskvadan sonra o, İran və Türkiyə ilə həmsərhəd olan, ABŞ üçün
geosiyasi və hərbi əhəmiyyət daşıyan Cənubi Qafqaz ölkələrinə yola
düşəcək. Hər şey “Amerika qırğısı”nın bu ölkələri inandıra
biləcəyi, yoxsa, “yox” cavabı alacağından asılıdır”.
Asif