Quba, 25 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba Olimpiya İdman Kompleksində “Baku Fires” komandası ilə “Argentina Condors” klubu arasında qarşılaşma başlayıb.
AZƏRTAC xəbər verir ki, Dünya Boks Seriyası (WSB) liqasının 14-cü turu çərçivəsində keçirilən görüşün ilk döyüşündə Murad Rabadanov (52 kq, “Baku Fires”) Rikardo İbarra (“Argentina Condors”) ilə qüvvəsini sınayır.
Növbəti döyüşlərdə Nəsrəddin Məmmədov (60 kq) Brayan Nunyez, Mixail Dauqalivets (81 kq) Xuan Rizo Patron, Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) isə Fakundo Qiqlion ilə qarşılaşacaq.
69 kq çəki dərəcəsində Pərviz Bağırovla döyüşməli olan Luis Alberto Veron ölkəmizə gələ bilmədiyindən boksçumuza texniki qələbə veriləcək.
Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən “Baku Fires” bu qarşılaşmanın aşkar favoriti sayılır. Bakı təmsilçisi 29 xalla qrupda ikinci pilləni özünə təmin edib. “Astana Arlans” kollektivi isə 39 xalla turnir cədvəlinin lideridir. Pley-off mərhələsinə vəsiqə qazanacaq “Baku Fires” A qrupunda 3-cü pilləni tutan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cü, Meksika təmsilçisi isə 25 xalla 4-cü pillədədir.