"İt kimi sədaqətli və etibarlıyam" - Aparıcını əli baltalı qarşılayıblar?

Metbuat.az-ın bu dəfəki qonağı teleaparıcı Lalə Əlimuxtarovadır.

- Çox müsahibə verməmisiniz. Ona görə istəyirəm özünüz haqqında danışasınız. Necə başlamısınız aparıcılığa?

- Ooo... Çoxdanıncı illərdən bu sahədəyəm. Hərdən təzə müxbirlər görürəm, burunlarının ucu göylə gedir. Adama deyərlər, bir əvvəlcə insanlara uyğunlaş, öz sözünü de, sonra burnunu dik tutub gəz. 1998-ci ildə AzTV-dən başlamışam. Nitqlə bağlı Sevda Ağazadə, Gülşən xanım, Kəmalə Əzizqızından dərs almışam. Prodüserlikdən dərs demişəm. “Ailələr, talelər” verilişində rejissor Lamiyə Ələkbərqızının köməkçisi olmuşam. Hətta kamera işini də bilirəm. Bax, bu qədər televiziyaya həvəsim olub. Özüm də Bakı Slavyan Universitetinin Filologiya fakültəsini bitirmişəm. İndiki bəzi aparıcıların bəlkə də heç xəbəri yoxdu. Nitqimizi düzəltmək üçün ordumuzun hər tərəfinə qoz qoyub yanıltmac deyirdik. Sonra “Moda-moda” verilişinin aparıcısı oldum. Bəxtiyar Qaracanın idman redaksiyasında da çalışmışam. 2003-2008-ci illərdə ATV-də prodüser vəzifəsində işlədim. Ha can atdım ki, aparıcı olum, nədənsə alınmadı.

- Alınmadı, yoxsa imkan vermədilər?

- Bəli, imkan vermədilər. Axırda bezdim. 2008-ci ildə “Xəzər” TV yeni açılmışdı. Oranın ilk işçilərindənəm. Orda “Ulduzlu Xəzər”i təqdim etdim.

- Əslində, indi biri televiziyaya gəlir, iki gün sonra bir layihə edir və məşhurlaşır. Ancaq siz bu qədər işləmisiniz, məşhurlaşmamısınız. Özünüzü şanssız sayırsınızmı?

- Deyim. Gec tanınmağıma görə. 2003-cü ildən başlayıb, 3 il maqazin proqramı apardım. Bütün maqazin proqramılarını reytinqdə keçdim. 2010-cu ildən başlayıb, 8 il “Lider” kanalında çalışdım və 5 il “Ay ev yiyəsi” verilişini təqdim etdim və bütün baryerləri qıraraq, tanındım. 20 il mücadilə apardım. Ancaq mən özümə şanssız demirəm. Biz iş görmüşük. İndikilər özlərini gözə soxaraq qabağa gedirlər. Həm də dua eləsinlər ki, sosial şəbəkələr açıldı və onlar da tanındılar. Bu gün adi bir insan da çox asan tanına bilər. Ancaq biz dəridən-qabıqdan çıxırdıq. Mən özümü gözə soxan deyiləm. 3 il bundan qabaq müsahibə vermişəm. Heç şou tədbirlərinə də qatılmıram.

- Ancaq şou camiəsinin qaymaqları da elə sizin dostlarınızdı.

- Bəli. Elə o qaymaqlar da gözə girmir. Xalq artisti Faiq Ağayev 15 illik yaxın dostumdur. Bax, partilərdən uzaqdı, heç vaxt ad günü keçirmir, toplantılardan uzaqdı. Biz də toplantını özümüz arasında edirik. Faiq Ağayev o boyda toylara, bayramlara, ad günlərinə gedib. Ancaq özünü gözə soxaraq, böyük parti etməyib. Daim öz sənəti ilə məşğuldur.

- Şou aləmini bəyənmədiyiniz üçün uzaqsınız, yoxsa xarakterinizdən asılıdır?

- Türklər demiş, həm kalabalığı sevmirəm, həm də çoxluq arasında olanda qeybət, söz-söhbət çox olur. İnsanlarla münasibət, dostluq tez pozulur. Şou aləmi onsuz da çirkab içindədir. Son illər lap pis vəziyyətə düşüb.

- Küsülü qaldığınız məşhur var?

- Var. Və heç vaxt barışmaram.

- Niyə?

- Bir işdə təqsirim olarsa, üzr istəməyi bacarıram. Ancaq kimsə nahaqdan ardımca danışarsa, onu bağışlamaram. Hələ tanımadan fikir bildirərsə... 15 ildir danışmadığım müğənni var. Nə olsun ki, ulduzdu, bu məni maraqlandırmır. Yaxın dostlarım Faiqdi, Rəhim Rəhimlidir, uşaqlıq dostum Röyadır. Görürsüz, heç onlarla şəkil çəkdirib, paylaşmıram. Əsas mənəviyatdır, görüntü deyil.

- Etdiyiniz heç bir layihə gündəm olmayıb.

- Bəli, çünki mənə gündəm maraqlı olmayıb. Mənə əhalinin sevgisi maraqlıdır. Hara gedirəm, hamı məni “Ay ev yiyəsi” çağırır. Sevilirəm ki, toylarım çoxdur. Xarici ölkələrə kimi toya çağırırlar. Ancaq kimsə deyə bilməz ki, Lalə tərbiyəsiz geyimlə özünü reklam edir.

- Bu camiədəkilərin əksərinin ailəsi yoxdur.

- Şükür ki, gözəl ailəm var, qızım var. Mən şou-biznesə görə ailəmi dağıtmaram. Dağıdıb, neynəyəcəm? Nədir ki, bu şou-biznes? Uzağı 40-50 yaşına kimidir. Ondan sonra harda olacaqlar?

- Yoldaşınız kimdir, necə oldu evləndiniz?

-Yoldaşım tamaşaçım olub. “Ulduzlu Xəzər”dən məni izləyirmiş. Heç vaxt sosial şəbəkədə olmamışam. Rəfiqəm 1 həftəlik Feysbuk açmışdı, o da yoldaşım çıxdı ortalığa. Hara gedirdim yazırdı ki, filankəsləsən, filan yerdəsən, belə-belə diqqətimi oğurladı. Axırda rəfiqəmlə bir dəfə getdik görüşdük. Elə o görüş, bu görüş, evləndik. Və Melis adında gözəl bir qızımız var.

- Əməlli-başlı sizin haqqınızda məlumat aldıq. Siz də qalmaqal yaradıb, layihənizə uyğun bölgələrdə diqqət çəkə bilərsiniz.

- Yox, nə qalmaqal yaradıram, nə müğənnilərin mənfi tərəflərini çəkib göstərirəm. Mən elə qalmaqal etmədiyimə görə sevilmişəm.

- Lalə Əlimuxtarova üçün xəyanət nə deməkdir?

- Oooo... xəyanəti heç kəsə bağışlamaram. Xəyanətin elə bir adı var: Xəyanət. Bu insanı ucuz satmaq deməkdi. Bu nəinki ər, elə rəfiqə də, tanış da, qohum da edə bilər.

- Sizi ucuz satan dostunuz olub?

- Ümumiyyətlə, az dostum var. Ürəyimi ancaq Faiq Ağayevə demişəm. O, məni satmaz, mən də onu satmaram. Heç imkan vermərəm ki, kimsə onun əleyhinə yanımda bir kəlmə desin. Mən dostluq etdiyim adamın tərəfini hər yerdə saxlayacam. Bürcüm Şirdir, ilim də it. Ona görə də it kimi sədaqətli və etibarlıyam. Ailəmə, doğmalarıma sədaqətliyəm.

- Məni duyğulandırdınız. Çünki bu hisslər mənə də yaxındı. Mən də it iliyəm. Bu gün bu cür insanlar azdır. Mən özüm kimi insanlarla çox az hallarda rastlaşıram.

- Heç kim göz yaşlarımı görməz. Ağlamaq istəyəndə, gizlində ağlayaram. İndi çox eşidirik, kişi, yaxud qadın xəyanət etdi. Yaxşı, indi kişini başa düşdüm. Bəs qadın? Niyə xəyanət edirsən, çıxış yolun var axı. Boşana bilərsən.

- Deyirlər maşın qəzası keçirmisiniz?

- Hə. Bizi Allah saxladı. Heydər Əliyev prospektində, maşını yoldaşım sürürdü. Qarşımıza maşın çıxdı. Yaxşı ki, toqquşmadıq, kimsə maşınımızı vurmadı. Elə nə oldu, özümüzə oldu. Əməllicə əzilmişdik. Ancaq şükür, qoruyan qorudu.

- Belə yerdə deyirlər, göz-nəfis filan. İnanırsınızmı?

- Çox inanıram. Göz var. Qızım da, mən də çox gözə gəlirik. Hər il qurban kəsirəm. Daim əlim nəzir verir. Şükranlıq dilimdən düşmür.

- Deyəsən, öz biznesiniz var.

- Çay evim olub, işlətmişəm, ancaq bağlamışam. Biznes deyəndə, böyük biznesim yoxdur. Ancaq bəzi işlərə vəsait qoymuşam və vəsaitimi götürürəm. İndi deyə bilmərəm nədi, ancaq bəzi gördüyüm işlər var.

- Niyə demirsiz gördüyünüz işi?

- Gözdən qorxuram.

- Rayonlara gedib, tanmadığınız qapını döyürsünüz, əli baltalı üstünüzə çıxan olubmu?

- Bir 3-4 il bundan öncə, rayonda çəkiliş etmişəm. Kimsə qonşulardan evin oğluna zəng edib ki, evinizə çəkiliş gəlib, bacın da efirə çıxıb. Elə bil böyük iş olub. Hamı bu dəqiqə efirdədir. Ay aman, oğlan bacısını nə günə qoydu... Ancaq yazıq qız heç efirə düşməmişdi. Qız da təzə nişanlandığı üçün özü demişdi ki, çəkməyək onu. Rəhmətlik atam da sağ idi. Oğlanın hərəkəti mənə təsir etmişdi, atama dedim ki, ərizə yazacam, tutduracam oğlanı. Hə, getdik, nəsə söz-söhbət, oğlan üzr istədi, elə əmisi də orda idi. Oğlana bir şillə çəkdi, bir az sakitləşdim.

- Bəs gülməli hadisə gəlib başınıza?

- Yox. Ancaq başıma qəribə hadisə gəlib. Gedib yasa düşmüşəm. Üzr istəyib, qapıdan çıxmaq istəyirdim ki, ev yiyəsi qoymadı. Ölən cavan adam idi, ancaq 4-cü ilini verirdilər. Hə, oturduq, yas döndü oldu qonaqlıq. Dedik-güldük, verilişi də verdik efirə.

- Olubmu ki, qonaq apardığınız müğənniyə görə utanmısınız?

- Yox. Çünki həmişə sanballı adamları qonaq aparmışam. Teymur əmidən tutmuş, Ağaxan Abdullayevə, Gülyaz Gülyanaq bacılarına qədər. İndi o verilişlərdə dəxlisiz adamları efirə çıxarırlar, özlərini biabır edirlər. Mən heç vaxt etmərəm. Yalnız kanal rəhbərliyi tapşırsa, olar. Ancaq indiyə kimi belə şey olmayıb.

- Verilişlərdə qonaqlarınız hər dəfə hansısa evə gedəndə hədiyyə alıb aparırlar. Olub ki, müğənni xəsislik etsin?

- Mən heç vaxt pay məsələsinə qarışmamışam. Kim almaq istəyir, özü alır. Ədalət Şükürov xalça almışdı, Faiq Ağayev “mikrovalnovka” almışdı. Kimsə almayanda mən məcbur da etməmişəm, heç fikir də verməmişəm. Biz harasa gedəndə əvvəlcə oturub yeyirik, sonra gedirik. Adını demirəm, ancaq köhnə müğənnilərdəndi. Dedim ki, indi bəs biz harda oturacağıq? Dedi, aaa... mən qonaqlıq verməliyəm? Bəs bunu qabaqcadan deyəydiniz, evdən pul götürərdim. Day, nə deyək, getdik özü də elə bir kasıb evə düşdük ki, təsəvvürünüzə gətirin, o müğənni həmin evdə şor-çörək gətizdirdi, yedi. Özüm utandım e... Bəzən elə evlərə düşürük ki, adam çay da içməyə qıymır.

- Hansı müğənnin yol yoldaşlığı yoxdur?

- Mən bu 5 ildə görməmişəm. Hə, olar ki, xəsis olsun, pul xərcləmək istəməsin, ancaq hər biri yaxşıdır. Elə müğənni var ki, heç demək lazım deyil ki, filan edək, ya etməyək. Röya, Manaf Ağayev, Mətanət Əsədova bir stol açıb ki, gəl görəsən. Nazənin özü çox əliaçıq xanımdı.

- Deyəsən toy müğənniləri daha əliaçıqdı?

- Bax, Sevda Yahyayeva, Günay İbrahimli əliaçıqdı. Ancaq elə gənc müğənni var, simicdi. Hə, otururuq hardasa, indi sifariş verir də: “Bəlkə elə yığcam bir şey olsun? Toyuq, kartovfilan”. Baxırsan ki, simiclik adamın qanındadı.

- Bəs peşə bayramında, yaxud 8 Martda müğənnilərin yadına düşürsünüz? Diqqət görürsünüz?

- Deyim nə vaxt görürəm. Mən restoran aparıcısıyam. Kim ki, mənimlə birgə işləyir, o zaman hədiyyə filan olur. Elə ki, ayrıldı, vəssalam. Onda da sosial şəbəkədə bir təbrik yazıb, 100 nəfəri taq edir, vəssalam. Səndən asılacağı varsa, edir. Yox, efirin bağlandısa, bitti.

- Müsahibəyə gələnlər aparıcıların bacarıqsız olmalarından danışırlar.

- Baxır kim. ATV-də Zaur Baxşəliyev, Hüsniyyə, İTV-də Leyla xanım, Murad Arif çox savadlı aparıcılardı. İndi kimsə ya zəifdi, ya plastik əməliyyat edib, özünü pis vəziyyətə salırsa, heç.

- Bəs siz plastik əməliyyat etdirmisiniz?

- Yox, qətiyyən. Heç 40-45 yaşında da etdirmək fikrim yoxdur. Qorxuram.

- Heç getmədiyiniz rayon var?

- Daşkəsənə getməmişəm.

- Bəs bəzən deyilər uğurlu, uğursuz, yoluma filankəs çıxdı. Bu inanclara inanırsınız?

- Hə, özü də çox inanıram. Beş ildi Binəqədidə oluram. Bir qonşum var, nə vaxt qarşıma çıxıb, o vaxt ziyan çəkmişəm. Hər dəfə çalışıram ki, bu adamla rastlaşmayım. Sonra o deyirlər e... qara pişik uğursuzdu. Yalandı, mənə uğur verir.

- Heyvanlara sevginiz necədi?

- Çox sevirəm. Bir itim var idi, anam razı deyildi, ancaq saxlayırdım. İndi evdə az oluram deyə, saxlaya bilmirəm.

- Bu qədər bölgələrdə olursuz, sizə ev xanımı demək olmaz. Yoldaşınız qısqanmırmı?

- Yox, bizim aramızda qısqanclıq yoxdur. Bir-birimizə çox inanırıq. Dəqiqəbaşı bir-birimizə zəng vurub zəhləmizi tökmürük. Boş olanda mənimlə rayonlara gedirik.

- Bir qızınız var, gələcəkdə onu hansı peşədə görmək istəyirsiniz?

- Həkim. Savadlı, peşəkar bir həkim. Həkim səliqəli oturub, pulunu qazanır.

- Niyə oturaq bir layihə etmirsiniz?

- Mənim işim çətindi, qızımla ümumiyyətlə, çətindi. Baxıram ki, televiziyalarda illərlə eyni mövzular müzakirə edilir, yeniheç nə yoxdur. Bax, kanal vəsait buraxmır, sponsor yoxdur. Nə edim? O qədər böyük,gözəl layihələr etmək olar ki...

- Çəkilişlərinizi ölkədən kənarda edirsinizmi?

- Hansı müğənni özü təklif edirsə, gedirəm. Kim dəvət etsə, gedərəm.

- Kimə nə sözünüz var?

- Mən aparıcılara və jurnalistlərə demək istəyirəm ki, küçədə qalmış, əxlaqsız, sənəti olmayan, özünü nəyə görəsə reklam edən “sənətçilərə” tribuna verməsinlər.

- Bunu da soruşum. İllərdi eyni çəkidə necə qalırsınız?

- Yeməklə aram yaxşıdı, ancaq kökəlmirəm. Əvvəllər nə qədər yeyirdim, 48 kilodan qalxmırdı. Qızım olandan sonra 1-2 kilo artmışam. Yuxum da yaxşıdı. O bəzən deyirlər e... şou-biznes adamı gecələr yatmır. Mən 1-dən o tərəfə qalmıram.

- Niyə sosial şəbəkədə yoxsunuz?

- Bircə instaqram səhifəm var. O da özüm yığmışam, 30 min təqibçim var, hamısı da qızdı. Oğlanlar da qohum, tanış. Profilim də bağlıdır. Əgər o dostluq atanları qəbul etsəydim, böyük bir səhifə olardı. Onları da dostluğuma ona görə almıram ki, ailəliyəm.

Tahirə Əlirzayeva \\ Metbuat.az

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı