Tanınmış APARICI: Evlilikdə bir məna görmürəm - FOTOLAR / MÜSAHİBƏ

Metbuat.az-ın növbəti müsahibi sevilən teleaparıcımız Cavid Güldür.

- Bir ara efirdə tez-tez görünürdünüz. İndi yoxsunuz. Nə işlə məşğulsunuz?

- Öz işimlə. ATV-də, olan verilişim yeni mövsümdən davam edəcək. Bundan başqa, peşəkar idmançı ağır atletika və fitness müəllimi Ramid Babayevlə bərabər yeni bir işə başlamışıq. CR Fitnes idman zalı açmışıq. Demək olarki vaxtımın çoxunu burada keçirdirəm. Əsas gəlir yerim isə 10 ildir ki, toylardır.

- Yaydı, hamı istirahət edir, siz işləyirsiniz.

- Mən ümumiyyətlə, indiyə kimi cəmi bir yayı istirahət etmişəm. Qalan yayları işləmişəm. Şəxsi işlər, biznes yayda daha aktiv olduğu üçün istirahətə vaxt olmur. Bu yay heç yerə getməmişəm. Yalnız toy məqsədi ilə Moskvaya və Saratova getmişəm.

- Bütün bu illərə çevrilib baxanda şanslı olduğunuzu düşünürsünüz?

- Baxır da, şans təbii ki, hamıya verilir. Ümumiyyətlə, ayıq olmaq lazımdır. Bəzən adam şansı görmür, yanından keçir. Bəzən də hey gözləyir ki, şans qapısı açılsın.

- Bir müsahibənizdə demişdiniz ki, sizə “salam, necəsən” yazan olanda qıcıqlanırsınız. Bilmək olar niyə? Axı sizin də bəyənənləriniz, sevənləriniz var.

- Bilirsiz, sözü olan “salam, necəsən” yazıb, dayanmaz. Fikrini izah edər, ya da tamamlayar. Cavab yazırsan, buyurun, yəni ardını yaz. Yazır, “heç nə, elə belə yazdım”. Bu yalnız boşluğun əlamətidir. Həm də bu 1-2 nəfər deyil ki, salamlaşasan.

- Sizdə aparıcı kimi hansı layihələr uğurlu alınar?

- Əyləncəli tok-şou, sırf politik filan olmasın.

- Deyəsən, pulu çox sevirsiniz?

- Yox. Çox pul baş ağrıdır.

- Ancaq bizim mental düşüncəyə görə kişinin çox pulu olar.

- Az olan kişi deyil?

- Bizdə düşüncə budur.

- Məbləği deməyəcəm, həmişə düşünürəm məndə olan pul mənə bəsdir. Çünki aza qane olan adamam. Dostlar isə deyirlər ki, hara bəsdir, bu məbləğ bircə ilə qurtaracaq.

- 1 milyonun altındadır?

- Hətta 500 minin altındadır. Pulum varsa, xərcləyirəm, yoxdursa, xərcləmirəm.

- Aza qane olaraq evi, maşını necə ala bildiniz?

- Demirəm ki, az qazanıram. Sadəcə qazancıma qane ola bilirəm.

- Jurnalistikadan, aparıcılıqdan əlavə idman zalı açmısınız, tikinti biznesi ilə də məşğul olursunuz. Sizcə, biznesi genişləndirmək üçün reklam önəmlidirmi?

- Hələ heç biri ilə bağlı reklam verməmişəm. Ancaq yaxın zamanda piar işlərinə başlamağı düşünürəm.

-Aparıcı kimi dost deyib, güvəndiyiniz insan varmı?

- Aparıcılar bir-biri ilə dostluq edə bilirlər. Aparıcı dostlarımız çoxdur.

- Daha bir xəbər də yayıldı ki, evlənirsiniz. Evləndiniz?

- Mən doğulandan evlənirəm. (Gülür).

- Bəs niyə evlənib başa çıxa bilmirsiniz?

-(Gülür) Vallah, bunu maraqlanıb deyərəm. O qədər mənə bu sual verildi ki, axır hamıya 98-ci ildə evlənmişəm - deyirəm.

- Sizin haqqınızda “Google”da axtarış verəndə evlilik filan söhbəti çıxır.

- Bəli, “Cavid Gül” yazanda ancaq qızlar çıxır. O məsələ öldu və bitdi. Alınmır və çox güman ki, alınmayacaq da. Bunu xəbər edib, uzatmağın adı yoxdur.

-Ümumiyyətlə, evliliyinizi nə vaxta planlaşdırırsınız?

- Yaxın 10 ildə olmayacaq.

- Niyə bu qədər uzaq?

- Mən evlilikdə bir məna görmürəm.

- Qarşı tərəfdən çox qırıldığınıza görə belə deyirsiniz?

- Yox, sadəcə rahatlıq axtarıram. Ancaq rahat biri qarşıma çıxsa, sabah da evlənə bilərəm.

- Siz “rahat” deyəndə, nəyi nəzərdə tutursunuz? O qadın necə olmaldır?

- Özüm kimi. Rahat, “yola ver, getsin” deyən, qırğınsız, davasız, bezdirilmədən, qısqanclıq olmadan yaşamaq.

- Ancaq sevgililər arasında qısqanclıq olmasa, olmaz ki...

- Normanı keçməməlidir. Həm də qısqanclıq əsaslı olmalıdır. Yoxsa, oturub boşluqdan ağlını qurdalayasan və həmin gecə də dava salasan.

- Ancaq siz özünüz də qısqanc adama oxşayırsınız.

- Heç vaxt əsassız qısqanmaram.

- Gələcəkdə aparıcı kimi özünüzü harda görürsünüz?

- Uzaq başı 5-6 ilim qalıb. Ancaq indiki kimi qalsam, quruluşum dəyişməsə, bir az da artıq aparıcı ola bilərəm. Bəzi aparıcılar var, gözləyirlər ki, onları kəfənə büküb, efirədən çıxarsınlar.

- Bəs qocalmamaq üçün qidalanmanıza diqqət edirsiniz?

- Ümumiyyətlə, yemək yeyən deyiləm. Ac olanda da kaprizim yoxdu. Nə versələr, yeyərəm. Məsələn, bəzi adamlar çay qaynar olmasa, içməz. Mənim üçünsə fərqi yoxdur.

- Bir anlıq özünüzü 70 yaşında düşünün. Necə təsəvvür edirsiniz?

- (Gülür) Müasir dövrlə razılaşmayan day-day tipi.

- Bəzən aparıcılar özləri də deyirlər ki, Azərbaycan TV-lərinə baxmırlar. Bəs siz?

- İşimə görə hamısına baxıram.

- ATV-dəki verilişinizin mahiyyəti nədən ibarətdir?

- Avtomobil uduşudur, 6 qutudur, içində rəqəm var. Tamaşaçı 6-sını da tapsa, avtomobili udacaq. Bu sırf şans oyunudur.

- Yerli aparıcılardan kumir kimi yanaşdığınız varmı?

- Söhbət AzTV-nin aparıcılarından gedirsə, yox. Qınaya bilərlər məni, ancaq birgə işlədikdən sonra onları tanımışam. Bizdən qabaq da olub, Kamran Həsənli, Yusif Ağayev vaxtında tanınmış aparıcılar idilər. Ancaq bu gün də fərqli və yaxşı aparıcılar var: Emin Musəvi.

- Bəs xaricilərdən?

- Əslində Bəyazid Öztürkü çox bəyənirəm. İnsan həm işinin peşəkarıdır, həm də təbiidir. Ruslardan Pavel Volyanı bəyənirəm. Baxmayaraq ki, komediyanı sevmirəm. Vaniz Bejlə bu yaxında bir tədbirdə oldum. Adam əjdahadır. Elə onun karizması altında sıxılıb qalırdım.

- İndi aparıcılar özlərini aktyorluqda da sınayırlar. Bəs siz?

- “Kişi sözü” serialına çəkilmişəm. Ancaq bilmirəm necə alınıb. Ancaq “Qız atasında” Mətanət, Nərgiz, Xəyalə çox da qəşəng oynayırlar. Deyərdim, aktyorların bəzilərindən yaxşı alınır.

- Boş vaxtınızı necə keçirirsiniz?

- Səhər duran kimi idman edirəm, qaçıram. Neçə il idi idmanı dayandırmışdım. Özümü çox halsız hiss edirdim. İndi artıq başlamışam. Sonra digər işlərə 2 saat vaxt ayırıram. Daha sonra komandamızla hara gedəcəyimizi, nələr edəcəyimizi planlaşdırırıq. Axşam da mütləq istirahətimə 3-4 saat ayrıram.

- Oturduğunuz məkanlara qarşı kapriziniz varmı?

- Yox. Qətiyyən. Harda olsa, oturaram, təki mənə xoş olsun.

- Bizim müsahibə ilə kimə nə demək istəyirsiniz?

- Vallah, mənim nə sözüm olur, elə üzünə deyirəm. Ona görə də çoxu mənə nifrət edir.

- Ayağınızın altını qazan çoxdur?

- Bəli. Məndən zəhləsi gedən “n” qədər insan var. Amma mən kiməsə düşmən deyiləm. Ayağımın altını qazanları da özümə düşmən saymıram. Çünki özünü mənə rəqib görür deyə, belə edir. Mənə düşmən olan da hamıya düşməndir.

- Sizin mənfi və müsbət xarakterləriniz hansıdır?

- Tənbələm, bu mənfidir. Ola bilsin, yalan danışıb, özümü kiməsə yaxşı göstərə bilərdim. O da məndə yoxdur. Özümə rəva bilmədiyimi heç kimə rəva görmürəm. Mən kolbasa yemirəm, reklam da etmərəm. Yaxud da mən kitab oxumuram. Necə reklam edə bilərəm?


Tahirə Əlirzayeva \ Metbuat.az

FOTOLAR: Şəmistan Məmmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR