“Haqqımda deyirlər ki, iki bacısı var” - Azərbaycanlı teleaparıcıdan qalmaqallı açıqlamalar

Metbuat.az-ın növbəti müsahibi teleaparıcı, araşdırmaçı-jurnalist Amil Xəlildir.

- Amil Xəlil kimdir?

- 2011-ci ildən televiziyada çalışıram. Bakı şəhərində, Biləcəri qəsəbəsində 1991-ci ildə anadan olmuşam. Bir qardaşım var. Haqqımda yazırlar ki, evil olub, boşanıb. Ancaq xalis subayam.

- Bildiyim qədər, “Space” kanalında iki verilişiniz var.

- Bəli. Çox sağ olsun kanalımızın dəyərli rəhbəri Vaqif Mustafayev, həmişə biz gənclərə dəstək olub. “Gəl, dərdini danış” və “Olar, olmaz”. Hər ikisi sosial yönümlü layihələrdir. Deyərdim, dönər ətinin istehsal edildiyi yerə girən, ölü toyuq ətlərini aşkara çıxaran, yeganə jurnalistəm.

- Deməli, siz də döyülən jurnalistlərdənsiniz.

- Bəli. Bəlkə bir 10 dəfə üstümə hücum çəkilib. Bunlar Yutubda da var. Həmçinin verilişlərimdə vətənpərvərliyi də təbliğ edirəm. Yalan olmasın, 10-dan çox “Qarabağ” kafesinin adını dəyişdirən aparıcılardanam. Bunun altından xətt çəkərək deyirəm. Mənə təsir edən o idi ki, bu addan istifadə olunur. Bu ad altında orda gecələr nə ilə məşğul olurlar... Xəbər tutan kimi, gecə ilə gedib çəkmişəm. Ordakı qızların hansı xidmət göstərdiklərinin video materialları da məndə var. Danışdıqca yenə də tüklərim biz-biz olur. Sağ olsunlar, jurnalist dostlarımızla Binəqədidə, Biləcəri yolunda, Sulutəpə 4 dənə o cür kafenin adın dəyişdirdik. Binəqədi yolunun üstündə “Ağdam” adını daşıyan kafelər var idi. Onların da adını dəyişdirdik. “Cantəpə” deyilən yer var, “Sünbül ağacları” adlanan böyük bir qəsəbədir. Orda da bir kafe tapdım, adı dəyişdirildi. Sonra “Olar, olmaz”verilişində bələdiyyələri də tənqid edirik. Sonra özləri bizə zəng edirlər. Elə material var ki, xəbərlərdə gedir, çox da diqqət etmirlər. Ancaq mən ortalığa elə mövzular atmışam ki, özləri məcbur olub bizi yığırlar. Dəfələrlə Yasamal, Binədəqi, Xəzər rayon icra hakimiyyətlərindən nöqsanları qabartdığım üçün ünvanıma təşəkkürlər gəlib. 250 buraxılışdan sonra dedilər ki, “Olar, olmaz” bağlandı. Ancaq sonradan sağ olsunlar, bərpa etdilər. Hələ də “Space” kanalında şənbə günləri efirə gedir, bazar günü təkrarı verilir. “Gəl, dərdini danış” isə, həftə içi hər gün yayımlanır. Bəzən deyirlər ki, verilişimiz oxşardı. Ancaq belə deyil. Bir kanal axtarır, digəri gəlinin qaynana ilə müzakirəsini göstərir, biz isə sırf cinayət tərəfini araşdırırıq. Mən Zaur Baxşəliyevə də, Xoşqədəm xanıma da hörmətlə yanaşıram. Biz ATV-də bir yerdə də çalışmışıq. Yeri gləndə, mən onlara baxıb nələrsə öyrənirəm.

- Ancaq siz fərqli kanallardasınız. İnsanları da axtara bilərsiniz. Niyə də olmasın? Deyəsən, Xoşqədəm Hidayətqızının reytinqini keçə bilməməkdən qorxursunuz…

- Yox, qorxmaq deyil. Baxın, bizə həmişə Rusiyanı, Türkiyəni misal çəkirlər. Mən Gürcüstandan misal çəkəcəm: orda 30-dan çox ümümi respublika yayımlanan kanal var. Onlar nə Türkiyə, nə də Rusiya kanallarına baxırlar. Hansısa lisenziyalı veriliş getdikdə, Əli çıxıb kənardan demir ki, əşi, bu verilişdən Türkiyədə var də. Gürcülər o verilişi mənimsəyirlər. Ancaq bizdə belə deyil. Hansı veriliş yayımlanır, mahiyyətinə varmadan lağ edirik. Gürcüstanda hətta iki kanalda eyni veriliş də yayımlanır. Onu deyim ki, Gürcüstan da, Türkiyə də reytinq qrupları ilə çalışmırlar. Bir tək bizik. Bizdə kanal azdı, baxılması da aşağıdır. Hansı layihəni ortalığa çıxarırsan, deyirlər bundan var. Bu da başqa cür çətinlik yaradır. Biz şou- biznesdə deyilik ki, şou yaradaq.

- Sosial motivli verillişlərin tamaşaçıları arasında çox söz-söhbət gəzir ki, belə verilişlər pulludur. Siz də tamaşaçıları pul alıb verilişə çıxarırsınız?

- Qətiyyən. Pul söhbəti ola bilməz. Bunu müsahibə verirəm deyə, demirəm. “Olar, olmaz” verilişində indiyə kimi 11 açıq rüşvət problemini efirə vermişəm. Son illərdə heç bir aparıcı bunu etməyib. Məhz rüşvət götürmədiyimə görə tamaşaçılar hər yerdən məni axtarır. Bir nəfərdən rüşvət alırsansa, gec-tez bunun üstü açılacaq. Necə olsa, gəlib mediaya çatacaq. Çünki bu insan övladıdır. Rüşvəti verəndə dil tökür, 3 ay sonra unudub başlayır danışmağa. Yəni camaatımızda da çox şey var. Dünən efirə bir qadın gəlmişdi. Ölmüş adamla evlənib. Efirə əlində 100 manat gətirmişdi. Dedim, qətiyyən ola bilməz. Bu pul söhbəti bəzi verilişlərdə var idi. Reallığı kimsə dana bilməz. Elə şərait yaratdılar deyə, çatan birinci pulu soruşur. Mən kanalımızda elə görüntülər vermişəm ki, səhəri gün baxmışam eynisini başqa kanal da çəkib verib. Axtarırlar ki, aha, Amil burdan pul almadı, gedək biz alaq, efirə verək. İyrənc rəqabətdi yəni.

- Müsahibənizdə vətəninizin Təbrizdən, Urmudan, Iğdırdan, Xoydan başladığını demisiniz. Urmu gölününün qurudulmasına etiraz olaraq, maraqlı bir aksiya başladı. Soydaşlarımız “Səni deyirlər” adlı mahnının sədaları altında rəqs etdilər. Siz də qoşuldunuzmu?

- Mənə kimsə deyəndə ki, sənə 10 milyon tamaşaçı baxır. Deyirəm yox, bizə 50-60 milyon soydaşımız baxır. Mən tarixçiyəm. Bu şeylərin əhəmiyyətini anlayıram. Deyəndə ki, vətənim güneydən başlayır, elə bilirdilər təbrizliyəm. Kərkükdə partlayış olanda mən dəhşətə gəlirdim. Orda yaşayanların hamısı azərbaycanlıdır. Mənimlə söhbət edəndə güneylilər deyirlər ki, Astaradan Astaraya keçəndə özümüzü cənnətdə hesab edirik. İran Astarası və bu taydakı Astaranı nəzərdə tuturlar. “Traxtur-Sazi” komandasının oyununda iştirak edən yeganə aparıcı olmuşam. Allah şahidimdir ki, ora gözüm dola-dola getmişəm. Onların stadionu nəhəngdi, həmişə də dolu olur. Bütün verilişlərdə bunlara toxunuram. Həmişə deyirəm Marneulinin əvəzinə Başkeçid, Dumanisinin əvəzinə Yuxarıkeçid deyək. Yəni, biz torpaqlarımızın adlarını öz dilimizdə olduğu kimi deyək. Dəyişdirilməyən bircə Dərbənddi.

- Əksər aparıcılarla bağlı şayiələr yayılır. Oldu-olmadı ünvanlarına çox şey danışırlar.

- O qədər olub... Bəzən görürəm haqqımda yazılıb ki, bunun iki bacısı var, filan filandı. Getsin onun dərdini çəksin. Halbuki, biz iki qardaşıq. Birdən gedib atamdan soruşuram ki, bəlkə bacımız da var, xəbərimiz yoxdur. Baxma də, Çinə qədər gedib çatmış adamdır.

Bilirsiz, bir şey danışanda gərək başımızın üstündəki Allahı unutmayaq. Çünki gec-tez danışdığının cəzasını çəkəcəksən. Ətrafımızda bizə çörək verən adamlara qarşı alçaqlıq etməyək. Zatən üzdə olan adamsansa, sənin hərəkətini hərə bir cür qəbul edəcək. Şərəfsizliyi özünə qəhrəmanlıq bilən adamların dilində olacaqsan. Nə qədər yaxşı olsan da, gah geyiminə, gah sözünə, gah hansısa bir hərəkətinə bir şəbədə qoşacaqlar. Bu dəqiqə televizayada çalışan bir qızla evlənim, hərə bir söz qoşacaq. Düşünün e... subayam, amma evlidi deyirlər. Ağzlarına gələni danışırlar.

- Bu yaşda düşməniniz var?

- Yox, düşmənim yoxdu.

- Televiziya fəaliyyətinizə hardan başladınız?

- ATV-dən. O tısbağa-qın məsləsinə dönməsin. Nanə Ağamalıyeva, Fərid Rəsul mənə ATV-də dəstək oldular. Sonra İradə İsakla çalışdım. 4 il ATV-də işlədim. Sonra “Lider”ə getdim. Orda da başqa-başqa təkliflər oldu: şou, pul... ancaq mən vətəni seçdim. Çəkilişlərə başladıq.

- Aparıcılar arasında dostluq var?

- Yox. Ətrafımda olub-bitənlərə baxıram. Rəqabətdən çox paxıllıq var. Həm bəzi aparıcılar operatora, prodüserə, müxbirə yuxarıdan aşağı baxır. Müxbir də işləmişəm. Yəni, bu nə eqodur. Bu, işdi. Müxbir, baş müxbir, aparıcı, redaktor – hamısı eyni səviyyədə önəmlidi. Bu mərhələləri keçməlisən. Düzdü, indi bunları keçməyib, birbaşa aparıcı olanlar da var.

- İndiyə kimi işlədiyiniz insanlardan narazılığınız olubmu?

- Yox, həmişə təşəkkür etmişəm. Narazılığım olsa da, özümdə qalar. Baxın, mənimlə İradə İsağın arasını vurmaq istədilər. Ancaq alınmadı, mən bu gün də onunla yazışıram. Günahım olsaydı, indi münasibətimiz olmazdı. Ancaq həmin anda mənim keçirdiyim stress ömrümdən neçə illərimi apardı. O iki həftə ömrümdən ömür aldı. Heç yerə sığışıb, dura bilmirdim.

- Azərbaycan kanallarının tamaşaçı durumu necədi? Kimi dindirirsən, deyir, öz kanallarımıza baxmıram.

- Bir dəfə bir tamaşaçı ilə rastlaşdım. Bizim verilişi təriflədi. Söhbət əsasında dedi ki, yerli kanallara baxmır. Sonra da Türkiyə kanallarında izlədiyini “Aşı-I- Memnu” serialını təriflədi. Dedim, elə sən o insanların psixologiyasını pozan seriallara bax. Biz efirdə bir öpüş səhnəsi verək. Sosial şəbəkəyə elə bir bomba düşsün, gəl görəsən. Ancaq necə olur, ailəvi olaraq oturub tərbiyəsizliyi təbliğ edən kanallara baxırınız? "18+" olduğunu deyirsiniz, amma baxırsınız. Əvvəldən belə olub. Tarixdə Cavad xan millətə yalvardı ki, gəlin birləşək, bir olaq. Təbriz xanına 2 dəfə məktub yazdı birləşmək üçün. Dedi, bir olsaq, heç kim bizə bata bilməz. Dedilər, yox e, hər kəs özü üçündür.

- Bəs sizin verilişlərin canlı efirdə tamaşaçısı olur?

- Zəng çox olur, bəlkə də çağırsaq, çox adam gələr. Bəzən belə verilişi qınayırlar. Ancaq biz insanları həm marifləndiririk, həm də onlara maddi dəstək oluruq. Bax, o qınayanlara deyirəm, elə bir oğul axtarıram, desin heç bu veriliş olmasın, sizə müraciət edənlərin hüquqi kömək üçün maddi xərcini mən ödəyirəm. Burda hüquqşünas efirə çıxır. Ona efir lazımdır, həmin şikayətçini götürür, işini görür. Elə bu özü min manat deməkdir. Kompüter arxasında oturub, kişilənmək lazım deyil e... İnsanlara kömək etmək, bunu edənləri alqışlamaq lazımdı.

- Deyirlər ki, aparıcılar verilişə tamaşaçını pulla gətirir. Bu düzdürmü?

- Bəli, düzdür. Var belə hallar, 2 manata gələn tamaşaçılardır. Həmin tamaşaçıların da rəhbərləri var. O pulu alır, paylayır, gətirib otuzdurur. Xaricdə kanallar məhəllərlərdə olur ki, əhali gələ bilsin. Biz binaların yanındayıq. Hərə də öz işində. Bizdə hələ o formalaşmayıb. Ancaq bizim veriliş Sabunçu, Xəzər rayonunda çəkilsə, tamaşaçılar könüllü doldurarlar çəkiliş meydançalarını.

- Mikayılın verilişi həmişə dolu olur adamla. O da pulla gətirir?

- Orda canlı musiqi olur, insanlar özləri maraqlıdır. Mənim özümə o verilişdə iştirak etmək istəyənlər dəfələrlə müraciət ediblər. Əsas da Cənubi Azərbaycandan olan soydaşlarımız. Hələ deyirlər ki, öyrən gör, ora nə lazımdısa, gətirək. Həqiqətən onun tamaşaçısısı könüllü gəlir.

- Bölgələrə də gedirsiniz, nə əcəb indiyə kimi ailə qurmamısınız?

- Vallah, elə Bakıda da gözəl qız çoxdur. Bu dəqiqə mənə karyera lazımdır. Həm bu boşanmaları eşidib, qorxuram. Bu yaxınlarda elə 4 tanışımın toyunda oldum. Bir həftə olar ki, onun biri ilə rastlaşdım, dedi, boşandıq. Mən də səhər işə gəlirəm, axşam çıxıram. Qorxuram ki, onların gününə düşərəm.

- Aparıcı kimi qarşıda nələri düşünürsünüz?

- Mən əsas etibarımı qoruyuram, onu itirməkdən qorxuram. Həm də insanlar arasında daha çox etibar qazanmaq istəyirəm. Bu yaxında bazara getmişdim.

Verilişlərdə ortalığa o qədər saxta mal çıxarmışam ki, satıcılar məni tanıyır. Satıcı görən kimi dedi ki, bax, qardaş, sizə qəbz verə bilməyəcəm, çünki aparatım yoxdu. İnsanlara geyim alarkən faktura tələb etməyi də aşıladım. “Memar Əcəmi” tərəfdə satıcılar dad-aman edir buna görə. Deyirlər, “Olar, olmaz” verilişi insanların ağlına faktura söhbətini saldı. Bu məsələni mən qaldıranda, satıcı dedi ki, sən Allah, qoy dinc oturaq. Faktura inasanın sağlığını qoruyan amillərdən biridir. Bizə niyə hücum edirlər? Şirələmədiyim üçün. O qədər ailəmə yazıblar ki, bu uşaqdan göz-qulaq olun, onu bir gün vuracaqlar. Artıq şirkət içində də zarafata çevirilib. Məni görən “Sən hələ sağsan?” - deyir.

- Sizcə, hansı layihələri aparsanız sizdə daha uğurlu alınar?

- Mən bu peşəni uşaqlıqdan sevmişəm. Hər bir saatdan bir güzgünün qarşısında xəbər aparmışam. Özümü qətiyyən şou sahəsində görmürəm. Çünki müğənnilərin o qədər nazı ilə oynaya bilmərəm.

- Ancaq şou olmayan verilişdə reytinq olmur.

- Elə millət oxuyur də. Televizoru nə vaxt açırsan oxuyurlar. Eyni müğənnini nə qədər görmək olar? Artıq müğənnilər də verilişləri öyrəniblər. Bu gün çəkilən verilişin nə vaxt gedəcəyini bilirlər. Ona görə də eyni gündə bir müğənnini fərqli paltarda bir neçə kanalda görə bilərsiniz. Hansı müğənnini çağırıram efirə, birinci mahnı oxuyub-oxumayacağını soruşur. “Yox” deyən kimi naz edir.

- Başqa hansı layihələr sizdə uğurlu alınar?

- Ancaq araşdırma tipli.


- Adam var ki, bir balaca nöqtə boyda gördüyü işi fil edib təqdim edirlər.

- Ona görə deyirəm ki, o aparıcılar hazıra nazirdilər. Onların əlinin altında neçə işçisi var. Hər şey hazır olur. Yalnız efirə çıxıb öz adlarına təqdim edirlər. Tamaşaçı da onu gördüyü üçün elə bilir, bütün işləri özü görür. Bayaq gördünüz özünüz, montaj edirdim. O zəhməti çəkməsəm, aldğım maaş da heç boğazımdan keçməz. Adımın təmizliyi mənə bəsdir. Tamaşaçının gedib kənarda danışması, “vallah, pul çıxardım, götürmədi” deməsi mənə bəsdi. Ancaq o cür aparıcılar müvəqqətidir, bəlkə də gələcəyi olacaq, nə bilim... Mən dindar deyiləm, ancaq həmişə Allahın varlığını hiss etmək lazımdır. Mənə sataşan heç vaxt qabağa gedə bilməz.

- Seyidsiniz?

- Deyirlər ata tərəfim seyid olub. Nə deyirdim, o olurdu deyə, həmişə məktəbdə mənə “dədələr” deyirdilər.

- Ayağınızın altını qazanlarla necə mübarizə aparırsınız?

- Sayları çoxdu. Elə salam verib, keçirəm. Həmişə zamanı gözləyirəm. Olan şeylərə həmin dəqiqə reaksiya vermirəm. Ayağımın altını qazan adam planlı hərəkət edir. O düşünür ki, mən əsəbiləşib, ağzıma gələni danışacam. O da şişirdib, istifadə edəcək. Mən bu planları anındaca pozuram. Heç nə demədən sağollaşıram. Arzusun da gözündə qalır. Allah da cəzalarını verir. Mən də kənardan baxıram. Çünki Allah daha güclüdür. Mənim vurduğum zərbədən beş qat artıq vurur.

- Çox qəribədir ki, əvvəllər qadınların adına qara yaxırdılar, indi kişilərin. Sizin də başınıza gəlibmi?

- Əlbəttə. Həm də olmayan şeyləri adıma yaxmaqdan utanmırlar. Artıq insanların çoxu vicdanını itirib. Ona görə də gözlərini yumub, ağızlarını açırlar. Adıma yaxılanları eşidib şoka düşürəm.

- Tamaşaçılara xüsusi deyəcəyiniz bir şey varmı?

- Bəzən bizi efirə bu insanları çıxartdığımız üçün qınayırlar. Yaxud bəzi adamlar efirə çıxmaq istəmir. Bax, nəyi pis edirik? Problemli tamaşaçıdır, biz ona vəkil, psixoloq veririk. Bunu efirdən kənar edə bilmirik. Çünki həmin adamlar buna pul ayırır. Deyir, pul ayırıramsa, niyə efirdə görünməyim? Əslində düz deyir, kim bu dəqiqə kiməsə pulsuz iş görər ki?..

Tahirə Əlirzayeva \\ Metbuat.az

Foto: Şəmistan Məmmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı