Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərinin nizamnamələri və strukturları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2018 ci il tarixli 491 nömrəli qərarı ilə Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərinin nizamnamələri və strukturları təsdiq edilib.

Metbuat.az xəbər verir ki, qeyd edilən qərara əsasən, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları Azərbaycan Respublikasının ərazi sularında, həmçinin limanların akvatoriyalarinda “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsini, gəmilərin hərəkətinin idarə olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərə naviqasiya, meteoroloji və digər məlumatların ötürülməsi, dəniz naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət, kanallarda dibdərinləşdirmə işlərinin təşkili və gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələrin verilməsi, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsindən ibarətdir.

Həmçinin, gəmilərdə liman və bayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi istiqaməti üzrə fəaliyyət göstərən Mərkəzin gəmi üzgüçülüyə yararlı olmadıqda, gəminin yüklənilməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqlar olduqda, gəmi sənədlərinə olan tələblər pozulduqda və müəyyən edilmiş digər hallarda gəminin limandan çıxışını qadağan etmək hüququ Nizamnaməsində əks olunub.

Eləcə də Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi MərkəziAzərbaycan Respublikasının ərazisində yerləşən limanlarda bələdçi xidmətini həyata keçirir, eyni zamanda gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarını müəyyən edir.

Qeyd edilənlərlə yanaşı, Nizamnaməsinə uyğun olaraq, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi dənizdə gəmilərdə baş verən qəza hadisələrinin araşdırılmasında, xüsusilə də Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğrayan insanların axtarışı və xilası üçün Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak edir.

Bütün göstərilənlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində həyata keçirilmiş davamlı islahatların, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü tədbirlərin davam etdirilməsinə və Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkil edilməsinə öz töhfəsini verəcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR