Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası baş tutub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki gün ardıcıl nümayiş olunan tamaşa anşlaqla keçib. A.Bəşirqızının hər dəfə səhnəyə gəlişini böyük coşquyla qarşılayan tamaşaçılar sonda uzun müddət onu ayaqüstə alqışlayıblar.
Səhnə əsərinin quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov ifa edir. Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada Afaq Bəşirqızı ilə yanaşı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova və başqaları çıxış ediblər.