“Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol
Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın
cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar
edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa
belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir
və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi
nəticəsində yaranmış “fait accompli” vəziyyətini möhkəmləndirmək
niyyətini nümayiş etdirir”.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva
deyib.
Onun sözlərinə görə, əgər Paşinyan münaqişənin həllində maraqlı
olsaydı, o, ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan
danışıqlar formatına əngəllər yaratmazdı: “Bu danışıqlarda isə
birbaşa iştirakçılar ATƏM (ATƏT) 1992-ci il Helsinki Nazirlər
Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan
və Azərbaycandır. Ermənistan baş nazirinin vəzifələrini icra edən
şəxsin əsassız və ziddiyyətli bəyanatları onu göstərir ki, o,
erməni xalqı üçün “yaxşı gələcəyin qurulmasında” heç də öz
sələfindən irəli gedə bilməyəcək”.
L. Abdullayeva qeyd edib ki, bu bəyanat həmsədrlərin bölgəyə səfəri
zamanı müzakirə edilmiş ikitərəfli görüş ərəfəsində Ermənistanın
səmimiliyinə dair şübhələr doğurur.
Asif