"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə Portuqaliyanın "Sportinq" klubuna 1:6 hesabı ilə məğlub oldu.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin avrokuboklarda ən ağır ev məğlubiyyəti kimi tarixə düşüb.

Daha öncə "atlılar" ev oyunlarında dörddən çox top fərqiylə məğlub olmamışdı. "Qarabağ" 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen"inə 0:4 hesabı ilə uduzmuşdu. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" İngiltərənin "Çelsi" klubuna da 0:4 hesabı ilə uduzaraq, ən böyük hesablı ev yenilgisini yaşamışdı.

Qeyd edək ki, "Qarabağ" avrokuboklarda 4-cü dəfə bir matçda qapısından 6 qol buraxıb. Təmsilçimiz 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen" klubuna səfərdə 0:6 hesabı ilə məğlub olmuşdu. 1 il sonra ağdamlılar UEFA İntertoto Kubokunda Fransanın "Monpelye" klubuna səfər matçında 0:6 hesabı ilə yenilmişdi. "Atlılar" ötən mövsüm ÇL-in qrup mərhələsində Londonda "Çelsi"yə də 6 cavabsız qolla uduzmuşdu.

Milli.Az