Ermənistanda əsas intriqanın süjet xəttinin kuliminasiyası seçkilərdən sonra olacaq - POLİTOLOQ

Ermənistanda əsas intriqanın süjet xəttinin kuliminasiyası seçkilərdən sonra olacaq - POLİTOLOQ
10:43 8 Dekabr 2018
68 Digər
Ölkə mətbuatı
A- A+

9 dekabr Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı bağlı Publika.az-ın suallarını politoloq Tofiq Abbasov cavablandırıb.

- Ermənistanın parlament seçkilərinin nəticələri ilə bağlı nələr proqnozlaşdırırsınız?

- Mənə elə gəlir, ki Nikol Paşinyanın komandası 60-70 faiz civarında səs toplayacaq. Görünən tendensiya ondan ibarətdir ki, küçələrin - onun bir çağırışı ilə meydana axışmaq istəyənlərin sayı kifayət qədərdir. Nəticə etibarilə Paşinyan parlament seçkilərində qələbə çalacaq. Ancaq əsas intriqanın süjet xəttinin kuliminasiyası, güman ki, seçkilərdən sonra olacaq. Çünki yeni parlament yığışandan sonra qüvvələr nisbəti bəlli olacaq və Paşinyanın Qarabağ probleminə olan münasibəti də aydınlanacaq. Bizi maraqlandıran məsələ odur ki, Nikol Paşinyan öz vədləri və təklifləri ilə Dağlıq Qarabağ münaqişəsinə dair hansı addımları atacaq və prioriteti nədən ibarət olacaq.

Gözləntilərimiz ondan ibarətdir ki, bu adam may ayında verdiyi vədlərdən fərqli olaraq, seçkilərdən sonra başqa mövqe nümayiş etdirməlidir. Çünki Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi bəllidir və biz indi danışıqlar masası ətrafında da rəsmi İrəvanın nə istədiyinin, hansı tərəfə hərəkət edəcəyinin şahidi olmaq istəyirik.

- Paşinyanın vəd verdiyi sosial rifah təmin edilmədi və erməni xalqının iqtisadi vəziyyəti heç də düzəlmədi. Maraqlıdır ki, son 10 ayda Ermənistandan valyuta axını kəskin sürətdə çoxalıb. Ermənistan mediası iddia edir ki, köhnə rəhbərliyin nümayəndələri öz pullarını ölkədən çıxarmağa başladıqları üçün valyuta axını bu dərəcədə yüksəlib. Parlament seçkilərindən sonra sosial rifahı əsas gətirən xalq küçə etirazlarına başlaya bilərmi?

- Ermənistanda bugünkü vəziyyət kövrək və qeyri-müəyyəndir. İnvestisiyaların sahibləri – istər öz vətəndaşları olsun, istərsə xarici sərmayəçilər olsun, siyasi elitaların iş qabiliyyətinin nə dərəcədə yüksək olduğunu, onların möqvelərinin nə qədər stabil olmasını nəzərə alırlar. Çünki ölkənin stabilliyini siyasi elita təmin edir. Bu baxımdan da, Ermənistandakı inqilabdan sonra demək olmaz ki, vəziyyət köklü sürətdə dəyişdi. Bu gün Ermənistanda istehsal olunan ən çox şey vədlərdir. İstər hakim dairə, istər iddiaçılar bu məsələdə aktivdirlər. Parlament seçkilərinin nəticələri bir çox məsələlərə aydınlıq gətirməlidir. Birinicisi hakim dairənin kimliyi bəlli olmalıdır. Onun təkliflər və islahatlar proqramı olacaqmı? Çünki Ermənistana indiki vəziyyətdə lazım olan ən vacib şey anti-böhran proqramıdır. Paşinyan əgər bu haqda danışmırsa, bu o demək deyil ki, məsələni anlamır. Kapitalların axını və insanların Ermənistanı tərk etməsi onunla bağlıdır ki, insanlar hakimiyyətin qüdrətinə, etibarlılığına bel bağlamırlar. Nikol Paşinyan vəd edir ki, parlament seçkiləri keçiriləndən sonra baş nazir postuna əyləşəcək və vəd etdiklərini həyata keçirəcək. Ona görə də o, həqiqətən də deyə bilər ki, mən şərtlərimə əməl edəcəm. Lakin mənə komandamın parlamentdə üstünlüyü olsun və biz parlament səviyyəsində lazım olan qanunverici aktları qəbul edək, mövcud qanunlara dəyişikliklər edək və s. Yəni, hərəkətə keçməzdən öncə Paşinyana etibarlı platforma lazımdır. Parlament seçkilərində də qazanmaq istədiyini təmin etməlidir.

- Ermənistanın sabiq müdafiə naziri və Respublika Partiyasından namizəd Viqen Sərkisyan Nikol Paşinyanı İctimai Televiziyada debata çağırıb. Lakin Paşinyan buna razılaşmayıb. Onun rəqib qarşısında geri çəkilməsi nə ilə bağlı ola bilər?

- Paşinyanın vəziyyəti o qədər də güclü deyil. Onun arxalandığı küçələrə axışan çoxsaylı kütlədir. O, çətin məqamlarda bir neçə dəfə öz kütləsinə xitab etdi, onları küçələrə çağırdı. Orada hədələr də yağdırdı, vədlər də verdi, xəbərdarlıqlar da səsləndirdi. Bu adamın may ayından bəri hakimiyyətə olması dönüş yaradacaq vəziyyətlərlə yadda qalmayıb. Ona görə də Paşinyanın özünə tam güvəni yoxdur. Ona əsas lazım olan şey baş nazir kürsüsünə təsadüfi yox, daimi sahib olsun. Paşinyan Sərkisyan hökumətini devirdikdən sonra əlavə vədlər verməyə başladı. Onlar da hələ ki, yerinə yetirilməyib. Çünki lazım olan maddi vəsait, ehtiyatlar və digər tələblər yoxdur. İnqilabdan sonra Paşinyan ümidli idi ki, qərbə doğru istiqamət götürəcək. Qərb liderləri ilə Avropa İttifaqında öz niyyətlərinə görə dəstək alacaq. Bunlar baş tutmadı. Nəticədə, Qərb planını geriyə atdı və üzünü Rusiyaya tutdu. Ona görə də bu adam özünə lazım olmayan debatlarından, müsahibələrdən qaçır. Yeri gələndə də bildirir ki, mən lazım olan fikirləri xalqın qarşısında demişəm. İnsanlarla bilvasitə - heç bir vasitəçi olmadan münasibətdə olmuşam. Mənim bütün niyyətlərim hamıya bəllidir və mənə imkan verin ki, öz siyasi qələbəmi seçkilər vasitəsilə əldə edib vədlərimi yerinə yetirim.

- Bir neçə gün öncə Rusiyada MDB-nin qeyri-rəsmi toplantısı keçirilib və bir çox liderlər orada iştirak edib. Mediada geniş əks-səda yaradan hadisələrdən biri liderlərin baletə baxan zaman oturduqları mövqe olub. Mətbuatın məlumatına görə, Nikol Paşinyan teatr salonunda mühafizəçilərin yanında əyləşib. Bu da o deməkdir ki, heç bir MDB lideri ona əhəmiyyət vermir. Ümumilikdə, Paşinyanın beynəlxalq aləmdə nüfuzunu necə dəyərləndirirsiniz?

- Heç kimə sirr deyil ki, Paşinyan dünyanın siyasi elitası üçün təsadüfi adam kimi qiymətləndirilir. Baxmayaraq ki, ölkəsinin siyasi işlərində uzun illər iştirak edib. Ancaq hazırda onun böyük siyasi səriştəsindən və bacarığından söhbət gedə bilməz. Siyasi aləmdə nüfuz gətirən nədir? Ölkə üçün, bölgə üçün edilən xeyirxah, faydalı işlər, iqtisadi irəliləyişlər, inteqrasiya potensialının artımı. Bu sahələrin hamısında hələ ki, Nikol Paşinyanın elə bir gözə batacaq fəaliyyəti və qazancı yoxdur. Onun kapitalını ən çox formalaşdıran verdiyi vədlərdir. O, insanlara başa salır ki, mənə mane olmasalar, bütün bu işlərin hamısını həyata keçirəcəm. Ona görə də insanların bir çoxu ona inanmaq istəyirlər. Paşinyan siyasi arenada həm də naşı adam kimi qəbul edilir. Desək onun böyük səriştəsi var – bu, düz olmaz. Lakin Ermənsitanın birinci adamı kimi siyasətçilər, liderlər, analitiklər ona diqqət yetirirlər ki, görsünlər Paşinyanın qabında bir şey var, yoxsa yox. Onun gücünü, təcrübəsini ən yaxın gələcəkdə görəcəyik. Ən yaxın gələcək də elə parlament seçkilərindən sonra, dekabrın ortalarıdır.

- Belə səriştəsiz və beynəlxalq nüfuzu olmayan şəxsin komandası seçkilərdə qalib gəlsə belə nələr edə bilər?

- Ermənistanın ən böyük problemi Dağlıq Qarabağdır. Ermənistan bu problemin əsiri, girovudur. Ermənistanda hələ ki, elə bir siyasətçi hakimiyyət gəlməyib ki, açıq-aydın çıxıb desin Dağlıq Qarabağ avantürasından əl çəkmək lazımdır. Ölkəni bütün vəziyyətlərdə geri salan, onu beynəlxalq səviyyədə təcrid olunmasının səbəbi məhz işğal faktorudur. Bir halda ki, bu ölkə özünə problem gətirən qondarma siyasi xətdən əl çəkmək istəmir, deməli, onda onun xilası da real görünmür. Paşinyan, həqiqətən də, praqmatik düşüncəyə malik insandırsa, papağını qoysun qarşısına və parlament seçkilərindən sonra fikirləşib desin ki, ay camaat, bizim ən böyük problemimiz Qarabağdır. Bizi həm regiondan təcrid edir, həm də mənəffətimiz dağıdır. O cümlədən də ölkəmizin üzərindən qara buludları sovuşmağa qoymur. Bu baxımdan, ilk növbədə vəziyyəti ağırlaşdıran, əlverişsiz amildən xilas yolu tapmaq lazımdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/262370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR