Jurnalistlər Vətəndaşların Qəbulu Mərkəzi və Telefon Məlumat Mərkəzi ilə tanış oldu

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti) media-tur keçirilib.

Metbuat.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Vətəndaşları Qəbul Mərkəzinin rəhbəri Samir Paşayev bildirib ki, hər iki mərkəz 2014-cü ildə ölkə Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədi ilə yaradılıb:

“Mərkəzlərə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dəkvətəndaşlara fasiləsiz xidmət edir. Müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir.

Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür. Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir”.

Samir Paşayev bildirib ki, Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin 11 ayı ərzində 36541 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzində isə 2018-ci ilin 11 ayı ərzində 76472 zəng qəbul edilib”.

Təhsil Nazirliyinin Vətəndaşları Qəbul Mərkəzinin əməkdaşı Fəridə Yusifova deyir ki, Nazirlikdə ümumilikdə 1 ilə yaxındır fəaliyyət göstərsə də, Mərkəzdə 5 aya yaxındır çalışır: "Gün ərzində bizə vətəndaşlar tərəfindən müraciətlər olur. Müraciətlər ən çox şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu proseslərilə, eyni zamanda transferlərlə, yəni bir universitetdən digərinə köçürülmə ilə bağlı olur. Bundan əlavə, Nazirliklə əməkdaşlıq, qrif alınması, qəbulla, təkliflə bağlı müraciətlər də olur. Ya da sadəcə görüşlərlə bağlı müraciət edirlər".

F.Yusifova deyir ki, onlar müraciətləri qəbul edib vətəndaşları məlumatlandırırlar, sonra isə aidiyyəti şöbəyə yönəldirlər. Onun sözlərinə görə, Mərkəzdə bir əməkdaş gün ərzində minimum 50 vətəndaş qəbul edirlər. Ancaq mövsümdən asılı olaraq bəzən gün ərzində 100-150, hətta 200-ə yaxın vətəndaş qəbul edirlər. Fəridə Yusifova deyir ki, çalışırıq vətəndaşlar müraciət edən kimi dərhal aidiyyəti şöbəyə yönəldək. Bəzən isə vətəndaş şikayəti olarsa, ona ərizə yazmağını deyirik ki, məsələ daha dərindən araşdırılsın. Mərkəzin əməkdaşı deyir ki, müraciətlərə baxılma müddəti 15-30 iş günü arasında olur: "Təbii ki, daha tez baxılan müraciətlər də olur. Elə olur ki, məsələ 2-3 iş günü ərzində həll olunur. Biz də bu barədə vətəndaşa məlumat veririk".

Vətəndaşları Qəbul Mərkəzinin digər əməkdaşı fiziki məhdudiyyətli Elçin Qasımov isə 2015-ci ilin dekabrından sosial layihə ilə burada işə qəbul olunub: “Bu layihə çərçivəsində CV verdim və müsahibəyə dəvət olundum, daha sonra isə işə qəbul oldum. İşimiz vətəndaşların qəbulundan ibarətdir. Ən çox müraciətlər müəllimlərin işə qəbulu, yerdəyişməsi, eyni zamanda şagirdlərin yerdəyişməsi və xaricdə təhsil alıb gələn şəxslərin sənədlərinin təsdiqi ilə bağlı olur”.

Elçin Qasımov deyir ki, Mərkəzdə onun üçün bütün şərait yaradılıb və heç bir çətinliyi yoxdur. E.Qasımov eyni zamanda bildirib ki, ərizələrin və məktubların qəbulunu da onlar həyata keçirir: “Gün ərzində ərizələrlə birgə təxminən 60-70 məktub qəbul edirik, günün sonunda isə ümumi şöbəyə veririk”.

Mərkəzin əməkdaşı Günay Ələkbərli isə 1 ilə yaxındır burada çalışır. Onun sözlərinə görə, bundan əvvəl bir müddət “ASAN xidmət” mərkəzlərində və QHT-lərdə könüllü kimi çalışıb. Daha sonra isə 2 ay Təhsil Nazirliyində könüllü kimi çalışıb və uyğun namizəd kimi Vətəndaşları Qəbul Mərkəzində fəaliyyətə başlayıb. Günay deyir ki, vətəndaşlarla işləyiriksə, təbii ki, işin çətin tərəfi də olur, ancaq özümüzü həmin vətəndaşların yerinə qoyduqda bu bizim üçün o qədər də çətin görünmür: “Vətəndaşların hər hansı problemləri olanda bunu həll etməyə və razı salmağa çalışırıq. Yay aylarında bəzən gün ərzində 150-200 vətəndaş qəbul edirik”.

Günay Ələkbərli deyir ki, Mərkəzə gələn vətəndaş nömrə götürüb müraciət edir. Əgər ərizə yazmalıdırsa, ərizə yazmaqda ona kömək edirik: “Vətəndaş əgər qəbul istəyirsə, şöbə qəbulu, aparat rəhbəri, nazir müavinlərinin qəbuluna yazırıq. Vətəndaş ərizə verdikdə 15-30 iş günü müddətində cavab verilir. Uzadılma tələb olunduqda isə bu barədə vətəndaşa məktubla məlumat verilir. Elektron müraciətlər olduqda isə vətəndaşla əlaqə saxlayıb müraciətinin nə ilə bağlı olduğunu öyrənirik. Qəbulla bağlıdırsa, aidiyyəti şöbələrə yönəldirik, sənədlərlə bağlı məsələ olduqda telefon vasitəsilə müraciətlərə uyğun hansı sənədlərin lazım olduğunun siyahısını veririk. Bacardığımız qədər kömək etməyə çalışırıq”.

Vətəndaşları Qəbul Mərkəzinə müraciət edən Elbəy Əlizadə tikinti işi ilə məşğul olur. Deyir ki, diplomun qiymət cədvəlini itirdiyi üçün bura müraciət edib: “Sənədi yenidən almaq üçün müraciət etdim. Proses çox rahat oldu. Təxminən 1 həftə əvvəl müraciət etdim, bu gün isə sənədimi almağa gəlmişəm”.

Daha sonra isə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə yaxından tanış olduq. Mərkəzin rəhbəri Natəvan Əsgərova özü də əvvəllər orada operator kimi çalışıb: “Bizim mərkəzdə Azərbaycan, rus və ingilis dillərində xidmət göstərilir. Burada 9 əməkdaş çalışır. İşimiz çox məsuliyyətlidir. Buna görə, düşünürəm ki, Telefon Məlumat Mərkəzinin əməkdaşları kifayət qədər ciddi və məsuliyyətli iş görürlər. Zənglər 30 saniyə ərzində cavablandırılır, 1 dəqiqə ərzində isə gözlətmə olur. Aylıq hesabatlar hazırlayırıq ki, nə qədər zəng qəbul edilib, nə qədəri 30 saniyə gözləmədə olub, nə qədəri 1 dəqiqə olub, nə qədəri isə itirilmiş zənglərdir”.

Telefon Məlumat Mərkəzinin mütəxəssisi Azər Məhərrəmov deyir ki, gün ərzində daxil olan zənglər sorğu və şikayət xarakterli olur: "Şikayət xarakterli zənglər daha az olur. Zənglər həm Bakı, həm də bölgələrdən gəlir. Sorğular daha çox xaricdə təhsil alıb geri dönən şəxlərin diplomlarının tanınması, ümumtəhsil məktəblərində işlə təmin olunma, I sinfə qəbul olma ilə bağlı olur.

Mərkəzin digər əməkdaşı Leyla Salahova deyir ki, qəbul edilən sorğular cavablandırılır. Şikayətlər isə qəbul edildikdən sonra aidiyyəti şöbələrə yönləndirilir.

Telefon Məlumat Mərkəzində 2 ilə yaxındır çalışan Xədicə Bayramova isə deyir ki, zənglərin sayı mövsümdən asılı olaraq dəyişir. Hazırda bir əməkdaş gün ərzində təxminən 100 zəng qəbul edir. Ancaq bəzi dövrlərdə 150-200, bəzən isə 300-ə yaxın zəng qəbul edirlər.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR