"2018-ci ildə strateji yol xəritələrinin uğurlu icrası təmin edilib".
Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib.
V.Qasımlı qeyd edib ki, o cümlədən mikro, kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, yaşıl dəhlizin qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb. Eyni zamanda yeni sənaye, aqro və texno parklar və sənaye məhəllələri yaradıldı. Vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir: "Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlmiş, BRİCS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələyib". İcraçı direktor bildirib ki, İnstitutsional və struktur islahatları çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edildi, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Enterpriseazerbaijan.com, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradılıb və faəliyyətə başlayıb:
"Beləliklə, cənab Prezidentin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional altyapı mütəmadi şəkildə yenilənir. Prezident İlham Əliyev tərəfindən aparılan sürətli və uğurlu iqtisadi islahatlar, güclü sosial müdafiə, sahibkarlığın təşviqi, infrastrukturun təkmilləşdirilməsi, makroiqtisadi və ictimai-siyasi sabitlik, həmçinin beynəlxalq arenada mövqelərimizin daha da gücləndirilməsi siyasəti ilə uzlaşdırılır. Beləliklə, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı təmin edilir. Azərbaycan sahibkarları dövlət siyasətinə cavab olaraq innovativ tətbiqləri genişləndirdi və sosial məsuliyyəti gücləndirib".
Günay Elşadqızı / Metbuat.az