"Cari əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profisit yaranıb"

"Bu ilin ilk 9 ayında cari əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profisit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtüb".

Metbuat.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu, Mərkəzi Bankın məlumatıdır. V.Qasımlı qeyd edib ki, cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisit (67 faiz artım) hesabına formalaşıb: "Bununla belə xidmətlər balansındakı kəsirin iki dəfə azalması və təkrar gəlirlər balansında profisitin 9 faiz artması cari əməliyyatlar balansındakı profisitə artırıcı təsir göstərib. Məsələn, Azərbaycana gələn xarici vətəndaşların bank kartarı ilə apardıqları əməliyyatlar 2018-ci ildə 1,3 milyard manata çatıb ki, bu da ötən ilin göstəricisindən 27 faiz çox olmaqla, bütövlükdə qeyri-neft mal ixracının 45 faizini təşkil edir. Turizmin inkişafı cənab Prezident tərəfindən aparılan siyasətin, o cümlədən, ASAN vizanın tətbiqi, turizm infrastrukturunun inkişafı, ölkəmizdə mötəbər tədbirlərin təşkili, promo kampaniyası, Dövlət Turizm Agentliyinin yaradılması başda olmaqla institutsional və struktur islahatların birbaşa nəticəsidir. Xidmət ixracında həm də getdikcə böyüyən peyk telekomunikasiya xidmətləri və optik peyk xidmətlərini xüsusi vurğulamaq lazımdır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda uğurla inkişaf etdirilən kosmik sənayenin hesabına mümkün olub". İcraçı direktor qeyd edib ki, 2018-ci ildə ilkin qiymətləndirmələrə əsasən idxalın həcmi 33 faiz artıb ki, bu da ölkədə həyata keçirilən sərmayə qoyuluşu və alıcılıq qabiliyyətinin çoxalması ilə birbaşa bağlıdır: "2018-ci ildə ixracın həcmi isə təxminən 30 faiz artıb ki, burada neft qiymətlərinin yüksəlməsi və qeyri-neft məhsullarının həcminin böyüməsi əsas arqumentdir. Qeyri-neft ixracının artımı qeyri-neft sektorunun artımını üstələməklə iqtisadiyyatın ixracyönümlü inkişafını göstərib. 2018-ci ildə qeyri-neft ixracının 10 faizdən çox artımı proqnozlaşdırlır ki, bu da ölkəyə ötən illə müqayisədə 170 milyon ABŞ dolları daha çox valyutanın gəlməsini təmin edəcək. Azexport, ticarət nümayəndəlikləri, ticarət evləri, ixrac subsidiyaları və digər mexanizmlər qeyri-neft ixracının artımında mühüm rol oynayıb".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR