"Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsi ilə bərabər Azərbaycanın da uğuru sayıla bilər" - Vüsal Qasımlı

"2018-ci ildə 20 ildən artıq davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsi ilə bərabər Azərbaycanın da uğuru sayıla bilər".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, Konvensiya Azərbaycan üçün nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresurların istifadəsi baxımından yeni imkanlar açır: "2018-ci ildə rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP 1,2 trilyon kubmetr ehtiyata malik olan “Şahdəniz-2” qaz yatağından “mavi yanacağın” Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək. Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhvədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir. 2018-ci ildə “Enerjinin İpək yolu” adlanan TANAP-ın açılışı ilə yanaşı Azərbaycan Prezidenti Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını etdi. Bu kompleks ötən 2017-ci ildə cənab Prezident tərəfindən açılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Prezident İlham Əliyevin 2018-ci ildə xeyir-dua verdiyi layihələrdən biri - Türkiyədə “Petkim” neft-kimya kompleksinin ərazisində inşa olunan “Star” neft emalı zavodu (NEZ) qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edildi. 2018-ci ildə üzv ölkələrinə regional və kontinental bazarlara çıxışı şaxələndirmək imkanı verən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Lazurit dəhlizi (Lapis-Lazuli) ilə yükdaşımalara başlanılıb".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR