Bakı, 30 aprel, AZƏRTAC
İyunun 1-dən 7-dək Rusiya federasiyasının Kazan şəhərində türkdilli xalqların “Nauruz” XII Beynəlxalq teatr festivalı keçiriləcək.
AZƏRTAC “Tatar-inform” İnformasiya Agentliyinin saytına istinadla xəbər verir ki, builki tədbirdə dünyanın 6 ölkəsindən təxminən 400 nəfərin iştirakı gözlənilir.
Festival çərçivəsində şəhərin dörd teatr meydanında türk dünyasının, o cümlədən Azərbaycan, Özbəkistan, Altay, Qazaxıstan, Krım, Tatarıstan, Tıva, Xakasiya və Yakutiya teatrlarının ən yaxşı tamaşaları nümayiş olunacaq. Festival çərçivəsində həmçinin “Teatrın inkişaf vektoru: Avropa-Asiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Festivalın bədii rəhbəri Farid Bikçantayev məlumat verib ki, builki festival Qazaxıstan mədəniyyətinə həsr olunacaq. O deyib: “Biz istəyirik ki, Qazaxıstan öz teatrının nə ilə məşğul olduğunu, mədəniyyətinin, ənənələrinin, ayinlərinin teatrda necə ifadə olduğunu göstərsin. Biz bu ənənəni davam etdirəcəyik”.