Bu kampaniya əsasən mühüm beynəlxalq tədbiri gözdən salmağa, insanları onun "əhəmiyyətsizliyinə" inandırmağa və bütün diqqətlərin ölkəmizə yönəldiyi bir vaxtda Azərbaycanın bundan fayda götürməsi əvəzinə ziyan görməsinə hesablanıb.
Azərbaycana qarşı qarayaxma kampaniyası keçirənlər əsasən ölkədaxili siyasi qüvvələrdən yararlanaraq, Avropa Oyunlarında ölkəmizin əldə edəcəyi nüfuzu minimuma endirməyə çalışırlar.
Bir neçə gün öncə məlum olub ki, ölkəmizə qarşı böhtan kampaniyasının arxasında ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin ofisi dayanır. Bütün planlar həmin ofisin otaqlarında hazırlanır və reallaşır.
Belə bir məlumat, təxribat xarakterli planlar Azərbaycan ictimaiyyətində də ciddi narazılığa səbəb olub.
Millət vəkili Fərəc Quliyev hesab edir ki, bu məsələyə aydınlıq gətirilməlidir.
"Biz hesab edirik ki, Azərbaycanla Amerika strateji müttəfiqdir və bu müttəfiqliyə kölgə salmaq üçün ölkəmizə dost olmayan qüvvələr səylər göstərirlər. Əgər Kerri də daxil olmaqla bir qrup bu qüvvələrin əlində alətə çevrilibsə, lobbiçilik fəaliyyətinə cəlb olunubsa və yaxud erməni diasporunun təsiri altına düşübsə, bu mütləq qiymətini almalıdır", - o bildirib.
Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini xatırladan millət vəkili bildirib ki, hər kəs bu gücü özünün orbitində saxlamaq istəyir. Bu mümkün olmadıqda isə, həmin gücün ümumiyyətlə yox olmasına çalışırlar.
"Azərbaycan tərəfinin bu məsələdə QHT-lərinin, jurnalistlərinin və cəmiyyətin bütün təbəqələrinin təpkisi müqavimət hissimizin göstəricisidir. Con Kerri üçün artıq dərs olacaq ki, Azərbaycana bu cür vasitələrlə təsir göstərmək olmaz", - o əlavə edib.
Millət vəkilinin sözlərinə görə, onlar bütün planlarında daxildəki qüvvələrə istinad edirlər. Həmin qüvvələri fəallaşdıraraq ölkəmizə qarşı qoymaq istəyirlər.
"Hesab edirəm ki, ölkə daxilində siyasi yönündən asılı olmayaraq istənilən siyasi qüvvə ilk növbədə vətənpərvərlik prinsipi ilə düşünməli və belə məsələlərə alət olmalı deyil", - deyə o bildirib.
Teymur Hacıyev
Milli.Az