​Ölkəmizdə bir İLK

Sosial sahədə həyata keçirdiyi layihələriylə Azərbaycan mediasına örnək olan “Faktor Azərbaycan MMC” daha bir uğura imza atıb.

Faktor.az xəbər portalının tərkibində fəaliyyət göstərən “Faktor-Az” Yutub kanalının abunə sayı 100000-i keçib.

Bununla bağlı fikirlərini Metbuat.az-la bölüşən “Faktor Azərbaycan MMC”nin direktoru Bəxtiyar Əlirzayev bu uğuru 5 ay içində əldə etdiklərini bildirib:

“Faktor.az saytı digər media qurumlarından bəzi məqamlarda fərqlənir. Sayt olaraq bizim əsas hədəfimiz cəmiyyətin informasiya təminatı ilə yanaşı, fiziki məhdudiyyətli şəxsləri, kimsəsiz uşaqlar evində böyüyən istedadlı gənclərimizi bu sahəyə cəlb etməkdi. Hazırda bu kateqoriyaya aid 7 əməkdaşımız var. Onlara həm ənənəvi, həm də yeni media qaydalarını, vərdişlərini aşılayır, blogerlik, montaj, videoqrafika, fotoqraflıq, SMM-lə yanaşı, jurnalistika sahəsini də öyrədirik. Növbəti mərhələdə bu kateqoriyadan daha 7 nəfəri işlə təmin etməyi düşünürük.

Faktor-az Yutub kanalı da Faktor.az saytına məxsusdur. 5 ay içində 100 min abunə sayını keçdik. Bu, çox böyük göstəricidir və ölkəmizdə bir ilkdir. Buna görə həm bütün əziyyəti keçən əməkdaşlarımıza, həm də bizə etimad edib, kanalımıza abunə olan vətəndaşlarımıza təşəkkür edirik. Hazırda kanalımızın aylıq izlənmə sayı 7-8 milyon civarında dəyişir. Gündəlik xəbərlərlə yanaşı, 8 fərqli layihə edirik. Bunlar arasında “Şəhidim”, “Azərbaycan generalları”, “Dır-dır”, “Bakı və bakılılar”, “Məşhurların sevgi hekayələri”, “Əslində kimdir” kimi çox maraqlı, baxımlı, maarifləndirici layihələr yayımlanır. Bu cür materiallar Yutubun Azərbaycan seqmetində yox idi. Halbuki indi insanlar ənənəvi mediadan çox, yeni mediaya üstünlük verirlər, məlumatları daha çox burdan alırlar.

Yutubda bizdən əvvəl yaranmış böyük kanallar var. Əsasən iki qrupa bölünürlər. Birinci qrup konkret fərdlərə aiddir. Bu tip kanallar konkret pul qazanmağa hesablanıb. Onları ölkənin daxili, xarici siyasəti maraqlandırmır, demək olar ki. Digər qrup isə xaricdə oturub, ancaq və ancaq Azərbaycanda baş verən hadisələri öz düşüncələrinə uyğun şəkildə təqdim etməklə məşğuldurlar. Bu kanallarda erməni siyasətinə qarşı əks-təbliğat xarakterli məlumatlara demək olar ki, rast gəlinmir. Vətənpərvərlik aşılanmır, faciələrimiz, qanlı tariximiz, məruz qaldığımız haqsızlıqlarla bağlı məlumatlar yayılmır. Yəni Yutubun Azərbaycan bölümündə çox ciddi boşluqlar var. Bu boşluqdan yararlanan, Azərbaycan əleyhinə yanlış, bəzədilmiş məlumatlar yayan, hətta milli, dini ayrı-seçkiliyi aşılayan məkrli insanlar var. Bütün bunların qabağını almaq, mövcud boşluqları doldurmaq üçün “Faktor-az” kanalını yaratdıq. Hazırda inkişaf mərhələsindəyik. Düzdür, hələ işimiz tam istədiyimiz səviyyədə deyil, texniki çatışmazlıqlar var. Amma 2019-cu ilin ilk yarısında qarşımızda duran bütün əngəlləri aşacağıq, problemləri həll edib, ortaya daha mükəmməl iş qoyacağıq. Təsisçimiz Aslan Abbaszadənin də yaxından köməyi ilə kollektivimizin bunu bacaracağına əminəm.

Metbuat.az saytı həmişə media qurumlarına doğma yanaşması, diqqəti ilə seçilir. Faktor.az komandası olaraq, sizi həmişə yanımızda görmüşük, buna görə də rəhbərliyinizə və bütün kollektivə təşəkkür edirik”.

Məlumat üçün bildirək ki, “Faktor Azərbaycan” MMC-nin tərkibində faktorSMM xidməti, AQAT Channel və Faktor.az Yutub kanalları, eləcə də Faktor.az xəbər saytı fəaliyyət göstərir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ - "Ailə münaqişələrinin nə qədər informasiya yükü var?!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR