Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) icraçı direktoru xanım Yanne Holst Hübner və Britaniya Kral Prokurorluq Xidmətinin rəis müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü Harri Balç ilə görüşüb.
Görüşdə baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən demokratik islahatlar nəticəsində əldə olunan nailiyyətlərin müstəqil respublikamızın nüfuzunu daha da artırdığını, beynəlxalq təşkilatların ölkəmizlə əməkdaşlığa marağının daha da gücləndiyini bildirib. Zakir Qaralov, həmçinin Azərbaycanın bir çox mötəbər qurumlar, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və yüzdən çox dövləti özündə birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq etdiyini, bu əlaqələrin dinamik inkişafda olduğunu xüsusi vurğulayıb. Baş Prokuror uzun illər təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində Azərbaycanın təmsil olunmasını qurumun Azərbaycan Respublikası ilə əməkdaşlığına verilən yüksək qiymət kimi dəyərləndirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Qaralov məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin prokurorluq orqanlarında tətbiqi, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirlər barədə ətraflı məlumat verib. Baş prokuror ölkəmizin BPA-nın yarandığı vaxtdan bu qurum ilə fəal əməkdaşlıq etdiyini, cinayətkarlığa qarşı mübarizədə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsində Assosiasiyanın əhəmiyyətli rolunu xüsusi vurğulayıb, ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildirib.
Təmsil olunduqları qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaqlar ölkəmizin BPA-da təmsilçiliyinin fəallığını və təşəbbüskarlığını, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndiriblər.
Söhbət zamanı ölkə həyatının bütün sahələrində, o cümlədən korrupsiyaya qarşı mübarizədə respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Ölkəmizə səfəri çərçivəsində qonaqlar Bakının görməli yerləri ilə tanış olublar. Paytaxtın müasir görünüşü onlarda xoş təəssürat və böyük maraq doğurub.
Məhkəmə və prokurorluq orqanlarının infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə tanışlıq çərçivəsində qonaqlar Quba Rayon Məhkəməsi və prokurorluğunun inzibati binaları ilə tanış olub, məhkəmə fəaliyyətinin təkmilləşdilməsi üzrə aparılan genişmiqyaslı islahatları, hüquq mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işləri və əməkdaşlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirərək ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısından məmnunluqlarını ifadə ediblər.
Səfərin sonunda qonaqlar 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olublar. Dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasına, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların tətbiqinə, dövlət məmuru-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyəti təqdirəlayiq hesab edilib.