2018-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) 127 681 uşaq dünyaya gəlib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqları təşkil edib.
Ötən illərlə müqayisədə, hər il oğlan uşaqlarının sayında artım müşahidə olunur.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Metbuat.az-a açıqlamasında bildirib ki, qız uşaqlarının azalmasının səbəbi selektiv abortlardır:
“Son zamanlar abort məsələsi də kənarda qalıb. İnsanlar hesablama, yaxud da mayalanmayla oğlan uşaqlarını dünyaya gətirirlər. Düzdür, bunu daha çox böyük şəhərlərdə edirlər, amma az deyil.
Bu, qadına qarşı zorakılığın ən bariz nümunəsidir. Qız uşaqlarının ana bətnində öldürülməsi qadına olan münasibətin nümayiş etdirilməsidir. Düzdür, Səhiyyə Nazirliyi bu məsələylə bağlı kifayət qədər tədbirlər görür, amma buna baxmayaraq, qız uşaqlarının sayı hər il aşağı düşür. Səhv etmirəmsə, bir neçə il öncə qızlar yeni doğulan uşaqların 49, oğlanlar isə 51 faizini təşkil edirdi.
Tədbirlər təkcə Səhiyyə Nazirliyiylə bağlı olmamalıdır. Ümumi cəmiyyətdə qadınlara qarşı münasibətdə özünü göstərməlidir. Səhiyyə Nazirliyi selektiv abortların qarşısının alınmasıyla bağlı əlindən gələnləri edə bilər. Amma insanların şüurunda qız uşaqlarına münasibətin dəyişməsi ciddi fəsadlar törətməkdədir. Erkən nikahlar, qız qaçırtmalar, evdə qadınlara qarşı zorakılıq halları bu gün də davam edir. Bu baxımdan, qadın məsələləri, cinayətlərinin daha ciddi araşdırılması, ağır cəzaların verilməsi çox vacib şərtdir”.
Xəyalə Məmmədova / METBUAT.AZ